Elşən MƏMMƏDOV
Noyabrın 12-də - Azərbaycan - İslandiya oyunundan bir gün əvvəl açıq məşq və mətbuat konfransları ilə əlaqədar 8-ci km stadionuna gedirdim.
Dostluğumdakı futbolla ciddi maraqlanmayanlar üçün deyim ki, bu stadionun adı son 12 ildə üç dəfə dəyişib.
Uzun müddət "Bakcell Arena" adlanan stadion şirkətlə müqavilə bitdikdən sonra "Neftçi Arena"ya çevrilib. Bu ildən isə "Palms Sports Arena" adını daşıyır.
İnsafən, yaxşı stadiondur, yerləşdiyi məkan da idealdır. Vaxtilə "Bakılı" adlı klubun qeyri-adi və adı cürbəcür məzəli olaylarla hallanan prezidenti Misir Əbilov tərəfindən tikilməyə başlayıb. Sonradan stadion AFFA-nın balansına keçib.
"Xalqlar dostluğu" stansiyasının qarşısındakı parkdan binalar ərazisinə daxil olduğum vaxt yanımdan bir "Prado" keçdi. Avtomobil böyründəki yazısı ilə diqqətimi cəlb etdi. Baxdım, içərisindəkilərdən biri millinin təcrübəli futbolçularından idi. Əvvəlcə buna inanmaq istəmirdim, çünki bir neçə saatdan sonra millinin oyunöncəsi axırıncı məşqi başlayacaqdı. Məgər baş məşqçi Ayxan Abbasov futbolçuları təlim-məşq toplanışına cəlb etməyib? Bu, necə toplanışdır ki, futbolçu düşərgəni tərk edə də bilir? Özü də qayıdanda komandanın olduğu yox, məşqə gələcəyi məkana "təşrif buyurur" və avtobusla birlikdə gələcək komanda yoldaşlarını gözləyir.
Piyada yoluma davam edərkən stadiona çatar-çatmaz gördüm ki, həmin avtomobil artıq geri qayıdır. Bu zaman məndə millinin futbolçusunun stadionda düşürüldüyünə dair tam əminlik yarandı.
Əcəba, oyunöncəsi millinin futbolçusunun çöl-bayırda nə işi var? Bu sualı mətbuat konfransında baş məşqçi Ayxan Abbasova vermək olardı. Amma soruşmadım. Fikirləşdim ki, sualım birmənalı qəbul olunmaz, hətta qayıdıb "Burada nə var ki?" cavabını verər. Ən pis halda isə bu gün gündəm olan "paparatsi" olayı kimi "camaatın bəlkə şəxsi işi var?" ritorik sualı ilə də üzləşə bilərdim.
İnanın ki, xarici baş məşqçi buna icazə verməzdi, elə hərəkət edən futbolçunu kimliyindən asılı olmayaraq, cəzalandırardı. Amma Ayxan Abbasov yerlidir, üstəlik, Qurban Qurbanov da deyil ki, belə şeyləri keçməsin.
Bu cür məqamlarda yerli baş məşqçilər üçün peşəkarlıq yox, müsəlmançılıq ön plana keçir, "Camaatın şəxsi işi ola bilər, buraxmayaq?" deyirlər.
Kim necə düşünürsə, özü bilər, amma bildiyim odur ki, oyundan öncə heç bir futbolçu, idmançı kənara bir addım da atmamalıdır. Belə hərəkətə yol verən də, ona həmin icazəni verən də qeyri-peşəkar davranış sərgiləyir.
O futbolçunun adını açıqlamayacağam. Qoy, AFFA rəhbərliyi, nizam-intizamı sevən baş katib Cahangir Fərəcullayev Ayxan Abbasovdan soruşsun ki, sənin futbolçun təlim-məşq toplanışı vaxtı çöldə-bayırda nə gəzir?
Bircə bunu deyə bilərəm ki, Ayxan Abbasov İslandiya ilə oyunda onu sonadək meydanda saxladı və 10 futbolçu əvəzləməsi limiti olsaydı belə, hamısını dəyişib məhz onu sonadək saxlayacaqdı...