Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullunun Sportnet.az-a müsahibəsi (II hissə)
Birinci hissə burada
- Cüdo üzrə dünya çempionatının təşkilati məsələlərində daha çox hansı məqamlara diqqət yetirəcəksiniz?
- Yarış Milli Gimnastika Arenasında keçiriləcək. Kobud desək, sanki 3 günlük Böyük Dəbilqəni 8 gün keçirəcəyik. Sadəcə, müəyyən məsələlər daha fərqli olacaq. Böyük təşkilati təcrübəmiz var. Bizim üçün ən önəmli məsələ odur ki, Azərbaycana gələcək idmançılar özlərini rahat hiss etsinlər, qidalanma, yayım, zalın tərtibatı ən yüksək səviyyədə olsun. Beynəlxalq Cüdo Federasiyası (IJF - red.) Bakıdakı mundialda çəkilişlərlə bağlı yeniliklər edəcək. Yanvarın 19-da qurumun nümayəndə heyəti paytaxtımıza inspeksiya səfəri edəcək. Biz onlarla təşkilati məsələri müzakirə edəcəyik, yarış məkanına baxacağıq, otelləri gəzəcəyik.
- Dünya çempionatının özəlliyi nədə olacaq?
- Bakıya çoxlu sayda azarkeşin gələcəyinə əminəm. Hansı ki, Böyük Dəbilqəyə o qədər azarkeş gəlmirdi. Bu dəfə isə Rusiya, Yaponiya, Özbəkistan, Qazaxıstandan gələcəklər. Gürcüstanın az qala yarısı burada olacaq. Sırf azarkeşlik məqsədilə çoxlu sayda gələnlər olacaq. Bütün qonaqların qalmaları üçün istənilən qədər yerimiz və otelimiz var. Artıq neçə illərdir qonaqların bir çoxu C kateqoriyalı otel qismində Atletlər Kəndindəki "Arena Hotel"dən yararlanırlar. Oradan yarış məkanına məsafə də yaxındır, özlərinin şəraiti də normaldır. İdmançı üçün sakitlik, təmizlik və qidalanma başlıca məsələlərdir. Bunların hamısı varımızdır. Amma elə idmançı da var ki, özündən başqa yanında 10 nəfər də gəlir. Məsələn, Teddi Riner və Klariss Aqbenyenu. Onlar 5 ulduzlu otel istəyirlər. Bunu da qonaqlarımıza təklif edirik. Sadəcə, məsələ odur ki, hamı yarış günlərində IJF-nin müəyyənləşdirdiyi rəsmi otellərdə qalmalıdır. Yəqin ki, fəxri qonaqlar da olacaq. Onların siyahısını isə indi yox, yarışa bir ay qalmış biləcəyik. Biz ən yüksək səviyyədə qonaqları qarşılamağa hazır olacağıq. Bu, bizim üçün şərəfdir.
- Qadınlardan ibarət milli komanda barədə nə deyə bilərsiniz?
- Onlarda da inkişafı görürük. Xüsusən, VI İslam Həmrəyliyi Oyunlarında qadınlarımızın nümayiş etdirdikləri performans, qarışıq komanda yarışında güclü Özbəkistan yığması ilə final görüşündəki çıxışları bizi sevindirdi.
- Qadın cüdosuna diqqəti artırmısınız, ötən il xaricdən baş məşqçi postuna Amina Abdellatifi gətirmisiniz. Bu addımlarınızın bəhrəsini görməyə başlamısınız?
- Bunu mütəxəssislər dəyərləndirə bilərlər. Şəxsi fikrim belədir ki, 2025-ci ilin xüsusən ikinci yarısında müəyyən nəticələri görməyə başladıq. Könül Əliyevanın Peru Qran Prisində bürünc, Südabə Ağayevanın VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmalarını qeyd edərdim. Qadın cüdoçularımız Aktau Açıq Asiya Turnirində də yaxşı çıxış etdilər.
- Bəs bu sahədə əsas çətinliyiniz nədədir?
- Qadın idmanında əsas məsələmiz ondan ibarətdir ki, orada peşəkarlıq səviyyəsi kişilərdən də aşağıdır. Bu, hamıya aid deyil, amma hər halda vurğulamalıyam. Peşəkar idman böyük zəhmət tələb edir. Bir gün ərzində proqramda hər biri 5 dəqiqədən ibarət 10 sparrinqiniz varsa, 3-nü etdikdən sonra "yoruldum, belim ağrıdı" deyə etməyə bilməzsən. O yükü qaldırmaq lazımdır. Əks halda, böyük yarışlarda nəticə verə bilməyəcəksiniz. Yəni, siz o ağrı-acını qəbul etməlisiniz. 2025-ci ildə məşqçilərimizin ən böyük çətinliyi komandaya alışmaları oldu. Məncə, ilin ikinci yarısında onlar bir-birilərini daha yaxşı başa düşməyə başladılar. Məşqlərdə o yükü götürmək lazımdır. Fiziki və taktiki-texniki baxımdan yükü götürə bilmirsinizsə, yeniyetmə və gənclərdə necəsə nəticə verə bilərsiniz, amma böyüklərin yarışlarında nəticə verə bilməyəcəksiniz. Mümkün deyil! O yükü götürməlisiniz. Bu isə peşəkar yanaşma tələb edir. Təkcə cüdoda yox, digər idman növlərindən hansında qadınların yarışında ciddi nəticəmiz var?
- Qadın millisinə də kişilərdən ibarət yığma qədər şərait yaradırsınız?
- Şəxsən biz kişilərə hansı şəraiti yaradırıqsa, qadınlar üçün də eynisini edirik. Gənc qızlardan ibarət yığmamız 3 həftə müddətinə - yanvarın 30-dək Yaponiyada təlim-məşq toplanışında olacaq. Kişilər hansı toplanışlara gedirlərsə, qadınlar da gedirlər. Hər il göndəririk. Mittersill hazırlığına 22 kişi, 9 qadın cüdoçu qatılmışdı. Qadınların sayı get-gedə çoxalır. Artıq hər il qadınlara daha çox büdcə ayırırıq. Hazırda yeniyetmələrdən ibarət yığmada 36 qız cüdoçu var. Lakin bu, o demək deyil ki, 2026-cı ilin sonlarınadək hamısı komandada qalacaq. Onlarda da ələnmə gedir, 3 aydan sonra bilirik ki, kim qalacaq, kim gedəcək. Bayaq qeyd etdiyim kimi, peşəkar idmanda qadınlar azdırlar. Müxtəlif səbəblərdən sonadək qalmaq istəmirlər. Qalanların böyük əksəriyyəti isə peşəkar yanaşmanı tam göstərə bilmirlər. Ona görə də ilk növbədə, təfəkkürü dəyişməliyik. Məsələn, 2025-ci ildə ilk dəfə Gürcüstan qadın cüdosunda dünya çempionatında qızıl medal əldə etdi. 57 kq çəkidə Eteri Liparteliani 7 illik hazırlıqdan sonra buna nail oldu. Onun məşqləri kişilərin hazırlığından fərqlənmir. Əksinə, daha çox çalışır. Demək istəyirəm ki, bu, əziyyət tələb edir. "Məşq edib özümü göstərim" deməklə, nəticə əldə edə bilməyəcəksiniz. Çalışırıq ki, xanım cüdoçularımız məşq, qidalanma proseslərinə, yuxu rejiminə daha peşəkar yanaşsınlar. Burada qadınların özlərinə məxsus olan məqamlar da var. Kişi və qadın fiziologiyası fərqlidir. Bunu özləri başa düşməlidirlər.
- Məşq proseslərində fiziki və taktiki-texniki hazırlığın yüksəldilməsi istiqamətində məşqçilər heyəti hansı tədbirlər görür?
- Bizdə yanlış təsəvvür formalaşıb ki, yarış vaxtı pik formada olmaq üçün 2 həftə əvvəl yükü azaltmağa başlamalıyıq. Biz isə bunu ildə bir-iki dəfə - Avropa və dünya çempionatlarından öncə etməyin mümkünlüyünü izah etməyə çalışırıq. Qalan vaxt isə yükü azaltmalısınız, yüklü-yüklü gedib o yarışda çıxış etməlisiniz. Təsəvvür edin ki, il ərzində 6-8 yarışda mübarizə aparırsınız. Hər dəfə yükü azaltsanız, 16 həftə - təxminən ilin 1/3 hissəsində məşq etməyəcəksiniz. Nəticədə məşq yükünə görə digərlərindən geri qalacaqsınız. Bəs nə vaxt məşq edəcəksiniz? Şəxsən özüm şahidi olmuşam: Dünya çempionu Rüdzü Naqayama şənbə günü Tokio Böyük Dəbilqəsində görüşə çıxacaqdı. Cümə axşamı o, Tokai Universitetində 22 tutaşma etdi. İki gün sonra isə yarışa çıxdı və qalib oldu. Biz də cüdoçularımızda yanaşmanı dəyişərək, bu cür etməyə başlamışıq. Sən il ərzində 1000 saatlıq məşqin 700 saatını edirsənsə, bu, o deməkdir ki, rəqiblər səndən 300 saat çox məşq edəcəklər və gəlib səni keçəcəklər. Bunları izah edəndə başa düşürlər. Amma təəssüf ki, bu, müəyyən vaxt tələb edir. Əcnəbilər isə izah etmədən də başa düşürlər. Çünki onlarda belə bir peşəkar yanaşma artıq oturuşub. Məşqi keyfiyyətlə yerinə yetirmək lazımdır. Hərəsinin yanına bir məşqçi qoya bilmərik. Artıq əvvəlkinə nisbətən bu məsələdə çox böyük keyfiyyət dəyişikliklərinə nail olmuşuq. Xüsusən, yeniyetmə və gənclərdə. Lakin bunu artırmağımız, daha ciddi olmağımız lazımdır. Başqa bir şey beyinlərinə, ağıllarına gəlməməlidir.
- 2024-cü və 2025-ci illərin yekununda Gənclər və İdman Nazirliyi tərəfindən ən yaxşı federasiya seçilmisiniz. Halbuki əvvəllər Azərbaycanda uzun müddət bir nömrəli idman növü güləş sayılıb. Artıq Azərbaycan Güləş Federasiyası da nələrsə etməyə çalışır. Ölkə səviyyəsinin daha fərqli səviyyədə təşkilini misal göstərmək olar. Bu baxımdan, idmançılar arasında olduğu kimi, federasiya olaraq da bir-birinizlə rəqabət aparırsınız?
- Əvvəla ondan başlayaq ki, biz İlin federasiyası seçilmək üçün işləmirik. Öz strategiyamız, hədəflərimiz var. Öz işimizi görürük. Necə gördüyümüzü biz dəyərləndirə bilmərik. Bizi dəyərləndirib-seçirlərsə, sağ olsunlar. Amma məqsəd o deyil ki, mütləq ilin sonunda ən yaxşı federasiya seçilək. Digər tərəfdən, bizim heç bir federasiya ilə rəqabətimiz yoxdur. Rəqabət apardıqlarımız Yaponiya, Gürcüstan, Rusiya, Fransa Cüdo federasiyalarıdır. Niyə məsələn, Azərbaycan Güləş Federasiyası ilə rəqabət aparmalıyıq? Əksinə, bir-birimizə dəstək olmalı, təcrübə mübadiləsi aparmalıyıq. Həmkarım Pərvin Piriyevin də dediyi kimi, bir neçə dəfə görüşərək, fikir mübadiləsi aparmışıq. Üzgüçülük, Boks, Gimnastika, Kanoe və Avarçəkmə, Voleybol, Ağırlıqqaldırma federasiyaları ilə də məsləhətləşmələrimiz olub.
- Yəqin ki, onlarla daha çox nazir Fərid Qayıbovun federasiyalarla görüşlərində üz-üzə gəlirsiniz. Bu görüşlərin hansı effektləri var?
- Sağ olsun nazir Fərid Qayıbov, iki ayda bir dəfə federasiyaları bir araya gətirərək, görüş keçirir. Fikrimcə, o görüşlər çox əhəmiyyətlidir. Hamımız orada bir-birimizi yaxından tanıyır, kofe-breyk fasiləsində söhbətlər aparırıq. Çox effektiv müzakirələr, fikir mübadilələri olur. Kim görüş istəyirsə, biz həmişə açığıq. Eləcə də özümüz onlara müəyyən məsələlərdə müraciət edirik. Amma rəqabəti onlarla yox, xarici ölkələrin cüdo federasiyaları ilə aparırıq, onların həyata keçirdiklərini özümüzdə tətbiq etmək istəyirik. Məsələn, bu il Fransa Cüdo Federasiyası "Dojo 2000" proqramını həyata keçirib. Dojo cüdo zalı deməkdir. Onlar yaxın 2 il ərzində 2000 yeni cüdo zalı açmağı hədəfləyirlər. Təkcə bu layihə nəticəsində 22 000 nəfər yeni cüdoçu cüdoya başlayıb. Təsəvvür edirsiniz? Hazırda Azərbaycanda cüdo ilə məşğul olanların sayı məhz bu qədərdir. Fransada isə rəsmən cüdo ilə 600 000 nəfər məşğul olur. Onlar təkcə üzvlük haqqından 40 milyon avro pul toplayırlar. Düzdür, Fransa böyük ölkədir, amma biz onlara çatmağı hədəfləyirik. Orada hər kəs 100 avro verməlidir ki, yarışlarda iştirak etsin. Fərqi yoxdur: yüksək səviyyəlisən, yoxsa yeni başlayırsan. Cüdoçu üzvlük haqqını kluba, klub isə federasiyaya ödəyir. Biz bu cür yenilikləri tətbiq etməyə, institusionallaşmağa doğru gedirik. Ekosistemi inkişaf etdirmək lazımdır. İnkişaf isə hərtərəfli getməlidir.
- Bəs ölkədaxili rəqabət nədə ola bilər?
- Ölkədə uzunboylu, ağırçəkili adam sayı azdır. Halbuki onlar bütün idman növlərinə lazımdır. Rəqabət ona görə yaratmaq olar ki, bu cür xüsusiyyətə malik şəxslər sənin idman növünü seçsin. Lakin o tip insanlar ümumilikdə çox tənbəl olurlar, özlərini əziyyətə vurmurlar.
- Azərbaycanda cüdo klubunun yaradılması yönündə işlər hansı səviyyədədir?
- Artıq 202 cüdo klubu lisenziya alıb. Bu sahədə vəziyyət normaldır.
- Onlar özlərini sırf cüdo klubu kimi doğrulda bilirlər?
- Hazırda ölkədə ümumilikdə 250-dən çox sırf cüdo klubu və hansısa təşkilatın daxilində cüdo bölməsi var. Onlardan 202-si lisenziya alıb və daha 22-si sənədlərini təqdim edib. Yəni, 224-nü biz tanıyırıq. Qalanlarını yarışlara buraxmırıq. Çünki hələ lisenziya almayıblar. Hərçənd, zallarda cüdo məşqləri keçdiklərini bilirik. Bunu onlara qadağan edə bilmərik. Onlar cüdoçuları yarışlara başqa klubların adından çıxarırlar. Təbii ki, Azərbaycanda klublaşmanın problemləri genişdir. Yaponiyadakı kimi oturuşmuş klublarımız çox azdır. Misal olaraq, "Judo Club 2012", "Atilla", "Neftçi", "Kanokan TT"ni vurğulaya bilərəm. Hansınısa unutdumsa, üzürlü saysınlar. Tam istədiyimiz klubların sayı 50-60 olmalıdır ki, Azərbaycanda klub sisteminin formalaşdığını deyə bilək. Onu deyə bilərəm ki, klublarla işlərimiz davam edir. Onların daha da oturuşmaları, institusionallaşmaları, real kluba çevrilmələri üçün öz tərəfimizdən dəstək verməyə davam edirik. Məsələn, tatamilərin verilməsini, liqa yarışlarının keçirilməsini, yarış nəticəsində klublar, məşqçilər və idmançıların mükafatlandırılmasını qeyd edərdim.
- Yeri gəlmişkən, Liqa yarışları effektini verirmi?
- Təbii ki, bu, rüşeymdir. Hələ yeni başlamışıq. Amma inanıram ki, 10 ildən sonra məhz bu liqa yarışları klublaşmaya da müsbət təsirini, effektini göstərəcək. Bu ildən onlara daha çox texniki dəstək verməyə, izah etməyə çalışacağıq ki, onlar yeni cüdoçuları necə cəlb edə, klubun maliyyəsini və sosial media səhifələrini necə idarə edə bilərlər. Onlar üçün bu mövzularda treninqlər təşkil edəcəyik.
- Yeniyetmələrdən gənclərə, gənclərdən böyüklərə keçid prosesinə maneçilik törədən hərbi xidmət amili cüdoda da var?
- Bu baxımdan, Gənclər və İdman Nazirliyinə, müvafiq güc strukturlarına təşəkkür etmək istəyirəm. Sağ olsunlar, şərait yaradırlar. Amma bəzən müəyyən çətinliklər olur. Başa düşürük, karantin, andiçmə dövrü olur. İstərdik ki, proses daha sürətlə getsin və andiçmədən sonra onları tatamiyə mümkün qədər tez qaytara bilək. Bu, bəzən daha tez olur. Amma elə də olur ki, problem yaşayırıq, məsələlər uzanır. Bu məsələdə Gənclər və İdman Nazirliyi, şəxsən nazir Fərid Qayıbov hər zaman əlindən gələn dəstəyi göstərir, çox operativ reaksiya verir. Onu da nəzərə almaq lazımdır ki, dövlətimizin öz məsələləri var, bizim prioritetlər başqadır və bunu başa düşür, ona uyğun işimizi qurmağa çalışırıq. Yəni, indiyədək çox da ciddi problemimiz olmayıb və məsələləri bir çox hallarda planlaşdırdığımız kimi həll edə bilmişik. Sağ olsunlar, əsgərlikdə ola-ola, cüdoçularımızın təlim-məşq toplanışlarına qatılmalarına şərait yaradıblar.
- Bu məsələdə sui-istifadə hallarına qarşı hansı tədbirləri görürsünüz?
- Əsas məsələ ondan ibarətdir ki, bundan sui-istifadə etmək olmaz. Federasiya olaraq, bu məsələyə çox həssas yanaşırıq. İnam və etibar önəmlidir. Bir nəfər sui-istifadə etsə, hamıya mənfi təsir göstərəcək. Dövlətin yaratdığı şəraitdən yalnız milli komandaların inkişafı, mənafeyi naminə yararlanmaq lazımdır. Biz də buna diqqət yetiririk. Eyni zamanda, məsələnin daha effektiv tənzimlənə bilməsi istiqamətində təkliflərimiz var və onları Gənclər və İdman Nazirliyinə təqdim etmişik. Təbii ki, nazirlik təklikdə qərar vermir, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi, digər dövlət qurumları var. Bütün idman növlərinə aid məsələlər olur. Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Mərkəzi Ordu İdman Klubu bunları başa düşür, şərait yaradırlar. Hər bir güc strukturumuza minnətdarlığımızı bildiririk. Onların öz idman klubları da var və idmançılarımız hərbi xidmətdə olduqları vaxt həmin klubların adından çıxış edirlər. Hətta elə olur ki, hərbi xidməti bitirdikdən sonra da onları təmsil etməkdə davam edirlər. Biz də bu məsələdə əlimizdən gələn dəstəyi veririk. 2025-ci ildə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində ilk dəfə güc strukturları arasında Azərbaycan çempionatının keçirilməsinə dəstək verdik.
- Rusiya millisinin öz bayrağı və himni ilə yarışlara buraxılmasına dair qərar Azərbaycan cüdoçularına çətinliklər yarada bilər?
- Heç bir çətinlik yaratmayacaq. Onsuz da 2023-cü ildən IJF bayrağı altında fərdi yarışlarda çıxış edirdilər. Yalnız qarışıq komanda mübarizəsinə qatıla bilmirdilər. Əslində bəlli və kifayət qədər güclü cüdoçularının Paris-2024 Yay Olimpiya Oyunlarında da iştiraklarına icazə vermişdilər. Gəlsəydilər, medal götürə bilərdilər. Sadəcə, Rusiya tərəfi onlara tam heyətlə iştirak icazəsi verilməməsini səbəb göstərərək, olimpiadadan imtina etdi. Şəxsi fikrim belədir ki, bu məsələdə əvvəlcədən radikal mövqe tutulmasına ehtiyac yox idi. "İdman siyasətə qarışmamalıdır" deyiriksə, bunu nümayiş etdirməliyik. Lap tutaq ki, MOİK-dən maaş alıb. Amma əlinə silah alıb döyüşməyibsə, idmançının nə günahı var? Fikrimcə, bu cür yanaşma düzgün deyil. Bu, daha çox bəhanəyə oxşayırdı. İndi də belə qərar veriblərsə, lap yaxşı, gəlsinlər də. Əksinə, rəqabətdir, buna normal baxırıq və əleyhinə çıxış etməmişik. Hətta Ukrayna da Rusiya və Belarusun olacağı yarışlarda iştirak qərarı verdi. Çünki tendensiya ona doğru gedir. Beynəlxalq Olimpiya Komitəsi də artıq gənc idmançıların Rusiya adından çıxış etmələrinə icazə verib. Bu qurum da yumşaltma siyasətinə gedir. Cüdo rusiyalı idmançıların öz bayraq və himnləri ilə çıxış edəcəkləri ilk idman növü oldu. Yanaşmamız normaldır. Qoy, gəlsinlər, rəqabətdir. Biz hamı ilə ədalətli rəqabətə hazırıq.
- Bukmeyker kontorları cüdoya maraq göstərirlər?
- Bəli, amma IJF etik olaraq, bunun əleyhinədir, icazə vermirlər. Cüdo mərc oyunlarında yoxdur. Ən böyük məsələlərimizdən biri də budur. Belə bir qərar cüdonun kommersiyalaşmasına mənfi təsir göstərir. Amma yaxşı ki, yoxdur. Mərc oyunlarının olduğu növlərin hansı manipulyasiyalara yol açdığını görürük.
- Digər fərdi idman növlərində mərc oyunları varmı?
- UFC-də, tennisdə edirlər. Lakin cüdo, güləş, taekvondo kimi növlərdə yoxdur. Səbəbi də məntiqlidir. Amma bilirəm ki, beynəlxalq bettinq şirkətlərinin cüdoya marağı var. Lakin IJF icazə vermir.
- Ola bilərmi ki, bu qərara yenidən baxsınlar?
- Bildiyim qədərilə 2025-ci ildə də məsələ gündəmə gəlib, lakin yenə imtina olunub. Ola bilər ki, bir neçə ildən sonra mövqe dəyişsin. Lakin mənim fikrimcə, cüdonun öz fəlsəfəsi var. Bilirsinizmi, qaydasız döyüşə ən az hansı idman növündən keçirlər? Cüdodan. Bu da cüdoçuların fəlsəfi yanaşmalarından irəli gəlir. Güləşçilər, karateçilər, samboçular, kikboksinq və muay-tayla məşğul olanlar MMA-ya keçirlər. Cüdodan keçənlər isə çox azdır. Amma onlardan da uğurlu nəticələr göstərənləri olur. Məsələn, yüngül çəkidə UFC çempionu Kayla Harrison cüdoçu olub, iki dəfə - 2012 və 2016-cı illərdə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Yaxud Həbib Nurməhəmmədovun məşhur müsahibəsi var, deyib ki, bütün çempionluqlarımı cüdo üzrə olimpiya çempionluğuna qurban verərdim. Hər bir idman növünün öz çətinlikləri var. Amma cüdoda olimpiya çempionu olmaq çox çətindir. Çünki burada digər növlərə nəzərən gözlənilməzlik effekti çoxdur. İppon amili bütün əziyyətinin üstündən xətt çəkə bilər. Digər növlərdə 5-6 xal geri düşsən belə, kompensasiya edə bilərsən. Cüdoda ippona düşdünsə, görüş bitir. Bu, 1/4 final mərhələsinədək baş versə, ümumiyyətlə, mübarizəni dayandırırsan, bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılma şansın da qalmır. Məsələ bundadır.
Elşən MƏMMƏDOV
















































































