Səudiyyə Ərəbistanının Pro Liqası “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldunun boykot qərarına münasibət bildiriblər.
Sportnet.az xəbər verir ki, Liqa nümayəndəsi bununla əlaqədar ESPN-ə açıqlama verib.
41 yaşlı hücumçu daha əvvəl çempionatın “Əl-Riyad”a qarşı keçirilən oyununu (1:0) buraxıb. Bildirilib ki, o, qarşılaşmadan sonra komandanın məşqində də iştirak etməyib. Mətbuatda yer alan məlumatlara görə, Ronaldu Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondunun (PIF) “Əl-Hilal”ı xüsusən idarə etməsindən narazıdır.
Bundan başqa, Ronaldunun fevralın 6-da Səudiyyə Pro Liqasının “Əl-İttihad”la oyununda da meydançaya çıxmayacağı iddia olunur. Eyni zamanda, portuqaliyalı ulduzun Kərim Benzemanın “Əl-Hilal”a keçidinə qarşı olduğu da xəbərlərdə yer alıb.
Pro Liqanın açıqlamasında vurğulanıb ki, bütün klublar eyni qaydalar çərçivəsində müstəqil fəaliyyət göstərirlər:
“Liqa sadə prinsip əsasında qurulub: hər bir klub eyni qaydalar daxilində müstəqil qərarlar qəbul edir. Klubların öz idarə heyətləri, rəhbərliyi və futbol menecmenti var. Kadr, maliyyə və strategiya ilə bağlı qərarlar dayanıqlılıq və rəqabət balansını təmin edən maliyyə sistemi çərçivəsində qəbul olunur və bu sistem bütün liqaya eyni şəkildə tətbiq edilir.
Kriştianu Ronaldu “Əl-Nəsr”ə gəldiyi gündən klubun layihəsində tam şəkildə iştirak edib və komandanın inkişafı ilə ambisiyalarında mühüm rol oynayıb. Lakin nə qədər önəmli fiqur olsa da, heç bir futbolçu öz klubundan kənar qərarlar verə bilməz.
Son transfer prosesləri klubların müstəqilliyini açıq şəkildə göstərir. Bəzi klublar fərqli istiqamətdə güclənib, digərləri isə başqa yanaşma seçib. Turnir cədvəlinin yuxarı pillələrində sıx rəqabət liqada balansın qorunduğunu sübut edir”.
Açıqlamada əsas diqqətin meydandakı futbola və sağlam rəqabətin qorunmasına yönəldildiyi bildirilib.








































































