İspaniya La Liqasında XXIII turun “Rayo Valyekano” – “Ovyedo” oyunu təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, səbəb kimi qarşılaşmasının Mədriddəki stadionun futbol sahəsinin təhlükəsizlik normalarına uyğun olmaması göstərilib.
Görüş bu gün Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.
Liqanın açıqlamasında bildirilib ki, “Rayo Valyekano” oyunun normal şəraitdə keçməsi üçün sahənin tamamilə yenilənməsi istiqamətində böyük səylər göstərib. Lakin işlər zamanı və sonrakı saatlarda davam edən əlverişsiz hava şəraiti, eləcə də yağışlı hava proqnozu səbəbindən ot örtüyü tələb olunan optimal vəziyyətə çatmayıb.
Qeyd olunur ki, əvvəlki günlərdə “Rayo Valyekano”nun bəzi oyunçuları və məşqçiləri AFE-yə (İspaniya Futbolçular Assosiasiyası) stadionun qeyri-qənaətbəxş vəziyyəti ilə bağlı şikayət göndəriblər. Şikayətlər həm ot örtüyünün keyfiyyəti, həm də stadionun ümumi infrastrukturu ilə bağlı olub.















































































