
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatına start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 4 çəkidə sərbəst güləşçilər mübarizə aparıb.
Nürəddin Novruzov (61 kq) 1/8 finalda iranlı Ahmad Mohammadnejadcavana 2:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Novruzov təsəlliverici görüşə çıxacaq.
Kənan Heybətov (70 kq) həm iranlı, dünya çempionatının 2 qat gümüş medalçısı Amirmohammad Yazdaniçeratiyə (15:4), həm də Baham adaları təmsilçisi Şannon Hannaya (10:0) tam üstünlüklə qalib gəlib. Onun 1/4 finalda ermənistanlı Avropa çempionu Arman Andreasyanla qarşılaşması gərgin mübarizə şəraitində keçib. Heybətov 6:3 hesablı üstünlük əldə etsə də, yekunda rəqibinə məğlub olub – 6:8.
Arseniy Djioyev (86 kq) debütdə Puerto-Riko təmsilçisi Ethan Ramosdan güclü olub – 5:2. Ancaq 1/4 finalda yaponiyalı Hayato İşiquroya 8:13 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Djioyev təsəlliverici görüşə çıxacaq.
Giorgi Meşvildişvili (125 kq) özbəkistanlı Xasanboy Raximova və macarıstanlı Vladislav Baytsayevə eyni hesabla (7:0) qalib gələrək karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Meşvildişvili yarımfinalda polşalı Robert Baranla üz-üzə gəlib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Meşvildişvili karyerasında ilk dəfə dünya çempionatının finalına yüksəlib. O,həlledici qarşılaşmada İranın titullu güləşçisi Amir Zare ilə üz-üzə gələcək.