
"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində Norveçlə görüşdə 11 top buraxması ilə bağlı danışıb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı qolkiper 1:11 hesablı səfər məğlubiyyəti ilə bitən qarşılaşmanın ardından TV2-yə müsahibəsində karyerasında ilk dəfə bir oyunda qapısında bu qədər qol gördüyünü bildirib.
O, telekanal əməkdaşının "Nə vaxtsa 11 top buraxmısan?" sualını belə cavablandırıb: "Zarafat edirsən? Əlbəttə, bu, birinci dəfədir".
Avram bu qədər qolun çox olduğunu bildirib: "Hansı hissləri keçirdiyim barədə nə deyə bilərəm? Buna görə ölə bilmərəm, güclü olaraq qalmalıyam. Bir neçə gündən sonra yeni oyunum var. Lakin 11 top çoxdur".
Təcrübəli qapıçı qollardan 5-ni vuran Norveç yığmasının hücumçusu Erlin Holann ilə söhbət etdiyini də açıqlayıb: "Mən onunla danışdım. Holann özü yaxınlaşaraq, "Bu, mənim günahım deyil. Top fərqi turnir cədvəli baxımından gələcəkdə vacib rol oynaya bilər, buna görə də qol vurmağa davam etməli idim" söylədi. Az qala üzr istəyirdi. Mən onu başa düşürəm. Bu, oyunun bir hissəsidir. Erlin mübarizəsini davam etdirmək istəyirdi".
Moldova yığmasının qapıçısı Norveç millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanacağına əminlik ifadə edib: "Seçmə mərhələyə bu cür başlanğıc və inkişafla, əlbəttə, dünya çempionatına çıxacaqsınız".
Avrama rəqib komandadakı qapıçı həmkarı təsəlli verib: "Xoşbəxtlikdən, özüm belə halla üzləşməmişəm. Bunun tam xoşagəlməz olduğunu təsəvvür edə bilərəm. Ona rəğbət bəsləyirəm".
Qeyd edək ki, Kristian Avram "Araz-Naxçıvan"ın əsas heyət üzvüdür. Klub Azərbaycan Premyer Liqasında IV tur matçını sentyabrın 12-də Qəbələdə "Kəpəz"ə qarşı keçirəcək.