
III MDB Oyunlarının başlanmasına az vaxt qalır, Azərbaycan avarçəkənləri yarışa hazırlığın həlledici mərhələsindədirlər.
Sportnet.az xəbər verir ki ölkənin 7 şəhərində keçiriləcək Oyunlar yığma üçün gücünü nümayiş etdirmək baxımından vacib sınaq olacaq. Proqrama akademik avarçəkmə, kayak və kanoe növləri daxildir.
Azərbaycanın kayak və kanoe üzrə milli komandasının baş məşqçisi Mirnazim Cavadov hazırlığın plana uyğun getdiyini bildirib:
“Heyətimiz artıq müəyyənləşib. Oyunlardan öncə bir neçə idmançımız beynəlxalq turnirlərdə çıxış edəcək. İki avarçəkənimiz gənclər və yeniyetmələr arasında Portuqaliyada keçirilən dünya çempionatında iştirak edib. Hazırlıq çərçivəsində Belarusda təlim-məşq toplanışı və Rusiyanın Barnaul şəhərində turnirdə iştirak planlaşdırırıq. Avqustun sonunda bəzi idmançılarımız Milan şəhərində keçirilən böyüklər arasında dünya çempionatında da güclərini sınadılar. III MDB Oyunlarında uğurlu çıxış etməyi hədəfləyirik. Daha çox qızıl medal qazanmaq istəyirik, rəqabət güclü olacaq, amma mübarizə aparmağa hazırıq”.
Milli akademik avarçəkmə komandasının baş məşqçisi Vladimir Morozov isə diqqəti idmançıların əzmkarlığına yönəldib:
“Hazırlığa 2024-cü ilin sentyabrından başlamışıq. 10 perspektivli idmançı seçmişik və onlar Mingəçevir bazasında məşq edirlər. Burada bütün şərait var. Artıq yaxşı nəticələr də əldə olunub. Azər İlyasov və Cahangir Məmmədli Avstriyada keçirilən beynəlxalq reqattada ikinci yeri tutublar. Nurlan Paşayev, Azər İlyasov və Cahangir Məmmədli ilə bağlı böyük ümidlərimiz var. Onlar medal uğrunda mübarizə apara bilərlər. Rəqiblərimiz avarçəkmə üzrə zəngin təcrübəyə malik ölkələrdir. Amma komandamız gənc olsa da, güclü rəqabət göstərəcəyik”.
Baş məşqçi əlavə edib ki, idmançılar gündə iki dəfə, həftədə bir gün istirahətlə intensiv şəkildə çalışırlar. Federasiya bütün lazımi şəraiti yaradıb və beynəlxalq yarışlarda iştirak imkanlarını təmin edir.
III MDB Oyunları Azərbaycan avarçəkənləri üçün əsl sınaq olacaq və özlərini sübut etmək imkanı verəcək.