
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov sonuncu beynəlxalq təyinatını 11 ay əvvəl alıb.
O, 2024-cü il oktyabrın 4-dən 13-nə qədər İspaniyanın Kadiz şəhərində keçirilmiş dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarında iş başında olub.
"Qara" ləqəbli Məmmədov 2008-ci ildən hakimlik fəaliyyətinə başlayıb və həmin ildən çimərlik futbolu üzrə Azərbaycan çempionatının oyunlarını idarə edir. 2014-cü ildən Azərbaycan Premyer Liqasının oyunlarına referi kimi təyinat alır.
2012-cu ildən çimərlik futbolu üzrə FİFA referisidir. 6 dəfə çimərlik üzrə beynəlxalq oyunlarda (AFFA-nın rəsmi saytına elə bu cür də yazılıb - red.) baş hakim olub.
Azərbaycan çimərlik futbolunda heç də zəif nəticələr göstərmir. Elə bu gün milli komandanın Avropa çempionatında bürünc medal qazanması deyilənlərə əyani sübutdur. Amma nə məsələdirsə, "Qara" bir ilə yaxındır ölkədən xaricə çıxa bilmir.
Əvəzində o, son bir ildə Premyer Liqa matçlarında "meydan sulayır". Xüsusən də "Sabah" komandası üçün. Artıq neçənci oyundur ki, İnqilab Məmmədov bu komandanın uğur simvoluna çevrilib. Ad çıxardığı oyunlardan ilk ikisi 2024/2025 mövsümünün elə builki qarşılaşmalarına təsadüf edib. Fevralın 9-da keçirilmiş "Sabah" - "Turan Tovuz" oyununda Məmmədov meydan sahiblərinin lehinə qərarlarla yadda qalıb. O, hətta qayda pozuntusuna məhəl qoymadan yerli komandanın qolunu qeydə alıb. Görüşdən sonra Tovuz təmsilçisi narazılığını bildirsə də, AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere referini haqlı çıxarıb.
"Qara"nın növbəti "qəhrəmanlığ"ı mayın 31-də "Sabah" və "Qarabağ" arasında keçirilmiş Azərbaycan Kubokunun final matçına təsadüf edib. Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun da vurğuladığı kimi "ustalıqla oyun idarə edən" Məmmədov görüşün "Sabah" lehinə bitməsi üçün əlindən gələni edib. Xüsusən, hesabda geridə olan "Sabah"ın qayda pozuntusu olan epizodda qol vurması görüşün kilid anı olub. Beləliklə, "onun komandası" tarixində ilk dəfə Azərbaycan Kubokunu qazanaraq, Avropa Liqasına vəsiqə əldə edib.
Və indi də bu. Sentyabrın 13-də keçirilmiş "Neftçi" - "Sabah" matçında meydan sahiblərinin lehinə verilməyən penalti. Eyni epizodda "Sabah"ın futbolçularından biri "Neftçi"nin oyunçusunu yerə yıxır, davamında isə digəri əllə oynayır. Lakin "Qara" VAR-a baxır və penalti təyin etmir.
Göründüyü kimi, ləqəbi kimi qara işlərlə məşğuldur. Belə bir epizodda 11 metrlik cərimə zərbəsini verməmək üçün elə İnqilab olmaq lazımdır. "Sabah" onu çimərlikdən elə-belə tapmayıb ki...
Bir ildir beynəlxalq oyuna təyinat almayan FIFA referisi niyə "Sabah"ın ştatlı hakiminə çevrilib?
Rauf Allahverdiyevi ötən mövsüm Azərbaycan Kubokunun ilk yarımfinal oyununda "Neftçi" əleyhinə qırmızı vərəqəlik epizodu görməməkdə ittiham edərək, ömürlük hakimlikdən uzaqlaşdıran klub, görəsən, indi nə deyəcək?
Seymur