
“Liverpul”un baş məşqçisi Arne Slot etiraf edib ki, Federiko Kyeza komandanın UEFA Çempionlar Liqası üçün heyətə daxil edilməməsindən narazıdır.
İtaliyalı futbolçuya ən nüfuzlu avrokubok turnirinin əsas mərhələsi üçün “qırmızılar”ın heyətində yer olmayıb. O, ən azı pley-off mərhələsi başlayana qədər Çempionlar Liqası matçlarında iştirak edə bilməyəcək.
Sportnet.az “Echo Liverpolot”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Kyezanın qərardan narazı olduğunu deyib:
“Əlbəttə, həm mənim, həm də onun üçün çətin oldu. O, qərardan narazı idi, amma əsaslandırmanı başa düşdü. Kyeza oxşar vəziyyətdə olan hər bir mütəxəssisin eşitmək istədiyi cavabı verdi. O, hər zaman komandaya digər turnirlərdə kömək etməyə hazır olacağını söylədi. Həqiqətən, çox çalışır və bu, sözdən daha çox şey deməkdir”.
“Liverpul” sentyabrın 17-də Çempionlar Liqasının ilk turunda “Atletiko” ilə qarşılaşacaq. Onların bu mərhələdəki son rəqibi isə “Qarabağ” olacaq.