
"İmişli" Futbol Akademiyasının U-15 komandasının baş məşqçisi, Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafazadənin Sportnet.az-a müsahibəsi
- İllər sonra İmişli Premyer Liqada təmsil olunur. Rayonun eyniadlı klubu barədə nə düşünür, nə gözləyir və ümumiyyətlə, hansı hissləri keçirirsiniz?
- Rayon üçün çox əhəmiyyətli, böyük hadisədir. İdman sferasında da çox önəmli olaydır. Şəxsən özüm də bu komandanın ora çıxmasına görə çox sevinirəm. Mənim də xüsusi əməyimin olmasından məmnunam. Komandanı bizim məşqçilər korpusu 19 ildən sonra Premyer Liqaya yüksəltdi. Buna görə çox sevinir və qürur duyuram.
- Komandanın baş məşqçisi portuqaliyalı Jorj Kaşkilya olanda hamı deyirdi ki, bu vəzifəyə yerli mütəxəssis gətirilməlidir. Sizcə, Kaşkilyanın gətirilməsi doğru addım idi?
- Başlanğıc üçün yeni nəticələr ürəkaçandır. Açığı, biz bu nəticələri çox da gözləmirdik. Sistemsizlik, infrastrukturun olmaması kimi peşəkar məsələlərdə çatışmazlıqlarımız göstərirdi ki, bu işin öhdəsindən gəlmək çətin olacaq. Amma yaxşı haldır ki, hələlik xallar toplaya bilirlər, orta yerlərdən birində qərar tutublar. Bu, müsbət göstəricidir.
- İmişlidən aralı düşməsi komandaya nə qədər təsir göstərir?
- Mənə elə gəlir ki, bu, çox ciddi təsir göstərir. Azarkeş kütləsindən kənarda qalmaq komanda üçün çətinlik yaradır. Amma bəzən bu, yaxşı nəticələrin alınmasına da səbəb ola bilir.
- Qarabağ 8 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Bu barədə fikirləriniz necədir?
- Hər bir azərbaycanlı kimi mən də “Qarabağ”ın uğurlarına çox sevinirəm. Çempionlar Liqasında iştirak etmək böyük nailiyyətdir. Keçmiş SSRİ məkanından olan ölkələr arasında bu uğura yalnız Azərbaycan və Qazaxıstan nail olub. Bu, futbolumuzun inkişafına çox ciddi təsir göstərəcək. Böyük komandalarla bir arada olmaq özü böyük məktəbdir. Məncə, məğlub olmaq da təhlükəli deyil. Çünki onlarla rəqabət aparmasaq, inkişaf edib irəli gedə bilmərik.
- Oğlunuz Bəhlul Mustafazadə bu klubda çıxış edir. Onun oyunu barədə nə deyə bilərsiniz: Haradan izləyirsiniz?
– Son illərdə çalışıram ki, oyunları əsasən stadiondan izləyim. Özüm məşqçiyəm, canlı görmək mənə xüsusi zövq verir. Çox sevinirəm. Səfər oyunlarını isə daha çox televiziyadan izləyirik.
– Keçən il söz-söhbətlər var idi ki, Qurban Qurbanovun oğlunuzla münasibətləri pozulub, hətta paltardəyişmə otağında bir-birilərinə soyuq davrandıqlarını iddia edirdilər?
– Mən ilk andan o söz-söhbətlərin hamısını cəfəngiyat adlandırırdım, indi də elə fikirdəyəm. Elə münasibət ola bilməz. Mən övladımı da tanıyıram, onun tərbiyəsini də bilirəm. Hərəkətlərində səhv ola bilməz, belə addımlara yol verməz. Qurban müəllim də son mətbuat konfranslarına Bəhlul ilə çıxaraq, ona yanaşması göstərdi. Münasibətləri çox yaxşıdır.
– "Qarabağ"a Xorvatiyanın "Dinamo Zaqreb" klubundan yeni müdafiəçi transfer olunub. Həmçinin Mateus Silva, Kevin Medina kimi əsas heyət üzvləri var. Ata kimi narahat deyilsiniz ki, Bəhlul bu rəqabətdə uduza bilər?
– Mən inanıram ki, Bəhlul rəqabətə tam hazırdır. Ata-bala söhbətlərimizdə də bunu müzakirə etmişik. Özüm də ona çatdırmışam ki, çox güclü rəqabət var, keçən ildən fərqli addımlar atmalıdır. Mənə elə gəlir ki, son oyunlarda bunun əlamətləri artıq hiss olunur.
– Bir çoxları həm Bəhlulu, həm də qapıçı Mateuş Koxalskini Macarıstan "Ferentsvaroş"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun qəhrəmanı hesab edirdilər. Siz necə düşünürsünüz?
– Mənə görə qəhrəman təkcə Bəhlul və ya Koxalski deyil, bütün komandadır. Çünki futbol bir nəfərin oyunu deyil, vahid komanda oyunudur. Hamı yaxşı çıxış etdi, zəif oynayan olmadı.
– Bəs milli komanda barədə nə düşünürsünüz? "Qarabağ" Çempionlar Liqasındadır, digər klublar da heç olmasa bir mərhələ keçdilər. Amma milli nəticə göstərə bilmir. Sizcə, bunun səbəbi nədir?
– Fikrimcə, "Qarabağ"ın Çempionlar Liqasına vəsiqə qazanması bütün qrup proseslərinə müsbət təsir göstərir. Eyni zamanda, millinin yaxşı çıxış etməsi üçün də stimul yaradır. Çünki heyətdəki 6–7 oyunçu "Qarabağ"dandır. İnanıram ki, onların oyun təcrübəsi milliyə də kömək edəcək və komandamızı irəli apara biləcəklər.
– Portuqaliyalı baş məşqçi Fernandu Santuşun istefasından sonra milliyə kimin rəhbərlik etməsini istərdiniz?
– İndiki mərhələdə yerli baş məşqçinin olmasını arzulayıram və buna çox sevinərəm. Millinin Ukraynaya qarşı oyununda fərqli mənzərə gördüm. Meydanda çoxlu mübarizə, əzmkarlıq var idi. İstək nəticəsində xal qazandıq. Komandada qısa zamanda keyfiyyət dəyişikliyi baş vermişdi.
- Bəhlulun millinin heyətində Ukraynaya qarşı çıxışı sizdə necə təsir bağışladı?
- Onu fərqləndirə bilmədim. Hamı necə, o da elə. Hər kəs çalışdı, əlindən gələni etdi.
- Bəs İslandiya ilə qarşılaşmada?
- O oyun tam fərqli idi. Bunu sistemlə əlaqələndirərdim. Futbolçuları günahlandırmıram. Oyunçu seçimləri də səhv idi. Ukrayna ilə görüşdə isə Anton Krivotsyukun da müdafiədə çıxışı, yarımmüdafiədəki dəyişikliklər öz sözünü dedi.
- Bəhlul Mustafazadə "Qarabağ"da xətti müdafiə, millidə isə üçlü və ya beşli müdafiə sistemində çıxış edir. Oğlunuz bu dəyişikliklərə öyrəşə bilirmi?
- Sistem fərqi Bəhlulun oyununa da təsir etmişdi. Hamı sistem dəyişikliyinə uyğunlaşmalıdır. Bunun üçün isə müəyyən zaman lazımdır.
Haşım MƏMMƏDOV