
Yay transfer dövründə heç bir kluba keçidi alınmayan Olavio Juninyo milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində Braziliya "Flamenqo"sunda hazırlıq imkanlarından maksimum yararlanmağa çalışıb.
Sportnet.az-ın "Bolavip"ə istinadən məlumatına görə, "Qarabağ"ın sabiq futbolçusu əsas heyətə düşmək üçün əlindən gələni edir.
29 yaşlı hücumçu özünü tam məşqlərə həsr edir və daha da yaxşı olmasının əlamətlərini sərgiləyir. Baş məşqçi Filipe Luişin məqsədi onunla bağlı situasiyanı yeni nəzərlərlə dəyərləndirmək və mövsüm ərzində şans vermək imkanlarını nəzərdən keçirməkdir.
Heyətin güclənməsinə baxmayaraq, təcrübəli forvard hesab edir ki, komanda üçün əlindən gələni edə və bu mövsüm titul qazanmaqda köməklik göstərə bilər.
Qeyd edək ki, Olavio Juninyo "Qarabağ"dan "Flamenqo"ya yanvarda 5 milyon avroya keçib. O, indiyədək üst-üstə 27 matçda 3 qol vurub.