
"İlk növbədə, azarkeşlərimizə təşəkkür edirəm. Əziyyət çəkib uzun yol gəldilər və sona qədər komandanı dəstəklədilər. Arxamızda durmuşdular, bizimlə birlikdə oyunun içində idilər və sevimli komandalarına irəli get deyirdilər. Sağ olsun. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. İlk oyunumuzda aktivimizə bir xal yazmışdıq. Bu gün iki xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi və Müşahidə Şurası bizə dəstəyinin şahidi olduq. Başa düşürük ki, bu gün nəticələr ürəkaçan deyil. Amma yeni komandayıq. Yaxşı işləri bacaracağımıza inanırıq. Gələcəkdə bir-birini başa düşən və çox yaxşı işlər görməyə layiq olan komandamız olacaq. Buna şübhəmiz yoxdur".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "İmişli" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra 47 yaşlı mütəxəssis sualları cavablandırıb:
- Narazı qaldığınız əsas məqamlar nələr idi?
- Birinci hissədən narazı qaldım. Çünki ilk yarıda dinamika çox aşağı idi. Bütün oyunçular sanki sönük vəziyyətdə idilər. Səbəbi isə top itkiləri idi. Fasilədə paltardəyişmə otağında bunları danışandan sonra ikinci hissədə tempi qaldırdıq. Başa düşürük ki, bu cür qapalı komandalara qarşı uzağı 2-3 fürsət yarada bilərsən. Ötən oyunda da imkanlar yaratmşdıq. 2-3 metrdən fərqlənə bilmədiyimiz epizod var idi. Məncə, bu, həlledici ola bilərdi. Düşünürəm ki, rəqibin açılışması və digər sürətli oyunçularımız qapalı yox, geniş məkanda daha da önə çıxmaları üçün qol vurmalıyıq. Bu, bir az zaman alacaq. Ümumilikdə oyunun tempi aşağı idi. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurmuşdular. Amma öz komandamdan narazı idim. İkinci hissədə daha istəkli idik. Bütün futbolçular son şans kimi oynayırdılar. Top itkiləri olurdu, amma tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər, onlara minnətdaram. İnanıram ki, daha da yaxşı olacağıq.
- Emin Mahmudovun əvəzlənməsinin səbəbi nə idi?
- Emin özü istədi. Səhhətində problem oldu, əvəzlənməsini istədi. Ola bilərdi ki, oyunun gedişatında onu və digərlərini də dəyişək.
- İndi komanda formalaşmayıb. "Neftçi"dən yaxşı nəticələri nə vaxt tələb etmək olar?
- Formalaşmamaq başqa məsələdir, bu söhbətə aidiyyatı yoxdur. Düşünürəm ki, formalaşmışıqŞ komanda normal vəziyyətdədir. Sadəcə, oyun üslubunda, futbolçular arasında bir az anlaşılmazlıq var. Bu, nəinki oyunda, məşqlərdə də sezilir. Bunu oturuşmuş hala gətirmək üçün zaman lazımdır ki, ən azı meydanda bir-birilərini anlasınlar. Bunu mən və ya digərinin deməsinin fərqi yoxdur. Vaxt lazımdır ki, oyunçular bir-birilərini daha yaxşı başa düşsünlər. Ötən mövsümlə müqayisə ediriksə, futbolçuların qaçmaları yerindədir, mübarizə əzmləri baxımından artırıblar, istək yüksək səviyyədədir. İki oyunu götürsək, azsaylı imkanlardan yararlansaydıq, formalaşma və uyğunlaşma önəm kəsb etməzdi. Amma komandamızda bu reallıq var və oyunlarla aradan qaldıracağıq.
- İlk iki turda "Şamaxı" və "İmişli" kimi qapanan komandalara qarşı oynadınız. Bu cür qapanan komandalara qarşı oynamaq çətindir. Daha iddialı komandalar olsaydı, nəticələr fərqli ola bilərdi?
- Tamamilə düzgün vurğulayırsınız. Təəssüf ki, bu cür düşünənlər çox azdır. Görünür, bu, analiz anlayışı və ya futbol baxışından irəli gəlir. Bu gün müdafiəni qurmaq, komandanı müdafiədən oynatmaq asandır. Bu, o qədər də güc sərf etməyən bir şeydir. Sən burda dur, o biri səni sığortalasın. Komandanı buna yönəltmək o qədər də güc sərf edən bir şey deyil. Amma "Neftçi"də tələb həm müdafiə, həm rəqibin əks-hücumları, həm də hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda, bir-birilərini tanımayan oyunçular üçün bunları etmək çətindir. Bunlar bəhanələr deyil, reallıqlardır və əlbəttə, bir qədər çətinliklər törədir. Xoşuma gəldiyim şey odur ki, oyunçuların gözündə uduzmaq istəməmə, mütləq qələbə, mübarizə istəyini görürəm. Ötən mövsüm hər hücumda ürəyini yeyirdin ki, qapımızda qol görəcəyik. Bu il bunların qarşısını tamamilə almışıq. Əlbəttə, yenə qapımız qarşısında hücumda olacaq. Bunlar normal hallardır. Amma çalışmışıq ki, minimuma endirək. Fikrimcə, bunun öhdəsindən komanda olaraq, çox yaxşı gəlmişik. Hücumda bir az problem var. Amma düşünürəm ki, belə qapalı komandaların müdafiəsini maksimum 2-3 dəfə yarmaq olar. Bunu da edirik. Uşaqların haqqını vermək lazımdır. Hər itirilən hala görə üzülmələri, mübarizə aparmaları sonucda bizi yaxşı yerə gətirəcək. Buna inanırıq.
- "Neftçi" üçün transferlər yekunlaşıb?
- Transfer məsələsi yekunlaşmayıb və heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində daim işləyir. İndi də iş gedir. İstədiyimiz mövqelərə tapdığımız halda, hər an oyunçu gətirə bilərik. Əlbəttə, bu yöndə də işləyirik və gətirəcəyik. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları ən pik səviyyəyə çatdırmaq, oyun içərisində bir-birilərini anlamalarıdır.
- Bu meydançada "İmişli" ilə oynamaq çətindir, yoxsa öz meydanınızda "Turan Tovuz"la oynamaq?
- Süni örtükdə oynamaq çox çətindir. Sadəcə, dilə gətirdikdə dərhal bəhanələrə yozurlar. Süni meydanda hətta "Qarabağ" da burda oynayanda baş məşqçiləri vurğulayır. Belə meydançada oynamaq, topu ram etmək nə qədər çətindir, diskomfort yaradır. Öyrəşmədiyin halda gəlib belə vəziyyətə çıxırsan. Meydança futbolçularda narahatlıq yaradır. Birinci hissədə belə oynamağımızın səbəbi bəlkə də bu idi. Uzağa getməyək, Elvin Bədəlov əks-hücuma atıldığı vaxt top qarşısında sintetik örtüyə dəyib fırlandı. Bunu bilavasitə meydança ilə əlaqələndirərdim. Əlbəttə, bu cür meydançada və şəraitdə oynamaq çətindir. "Turan Tovuz"a gəlincə, oyundan sonra danışarıq.