
Azərbaycan III MDB Oyunlarında stolüstü tennis üzrə 6 gənc idmançı ilə təmsil olunacaq. Ölkəmizin 7 şəhərində keçiriləcək yarışda gənc tennisçilər medal uğrunda mübarizə aparacaqlar.
Sportnet.az xəbər verir ki, stolüstü tennis yarışları iki yaş kateqoriyasında baş tutacaq – 2008 və 2011-ci il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.
Azərbaycan millisinin baş məşqçisi Ramil Cəfərov hazırlıq prosesi barədə danışıb:
“III MDB Oyunları üçün milli komandanın heyəti təxminən 6 ay əvvəl formalaşdırılıb. Həmin vaxtdan bəri idmançılarımız sistemli məşq proqramına uyğun çalışırlar. Azərbaycan Stolüstü Tennis Federasiyası bütün lazımi şəraiti yaradıb. Avqustda Çində təlim-məşq toplanışında olduq. Hazırlıq çərçivəsində beynəlxalq turnirlərdə də iştirak edəcəyik. Komanda Oyunlara tam hazır olacaq”.
Baş məşqçi gənc tennisçilərin artıq böyük potensial nümayiş etdirdiyini vurğulayıb:
“Turnirdə 2008 və 2011-ci il təvəllüdlü idmançılar çıxış edəcək. Yaşlarının az olmasına baxmayaraq, oyunçularımız ciddi uğurlar qazanırlar. Son Azərbaycan çempionatında – böyüklərin mübarizəsində – Onur Quluzadə çempion, Adil Əhmədzadə isə üçüncü oldu. Qızların yarışında isə Mərziyə Nurbatova qalib gəldi. Hər üçü Oyunlarda ölkəmizi təmsil edəcək. Bu nəticələr göstərir ki, onlar təkcə böyüklərə qarşı layiqincə çıxış etmirlər, hətta çox vaxt onları üstələyirlər”.
Ramil Cəfərov rəqiblərin də güclü olacağını qeyd edib:
“Hələ bütün iştirakçıları dəqiq bilmirik, amma onların çoxunu beynəlxalq turnirlərdən tanıyırıq. Nə edə bildiklərini görmüşük və inanırıq ki, bizim idmançılar da bir o qədər güclüdür. Gözləntilərimiz böyükdür – ən azı finala yüksəlməyi hədəfləyirik. Hər yaş kateqoriyasında medal qazanmaq üçün mübarizə aparacağıq”.