İstanbul Prokurorluğunun Türkiyə futbolunda qanunsuz mərclərlə bağlı həbsinə order verdiyi 14 futbolçudan biri Azərbaycan millisinin sabiq üzvüdür.
Sportnet.az-ın məlumatına görə, bu, 26 yaşlı mərkəz müdafiəçisi İsmail Karakaşdır.
Karakaş vaxtilə Azərbaycanın U-17 və U-19 millilərində baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında çıxış edib. O, U-19-un heyətində 3, U-17-də 11 oyunda iştirak edib.
Müdafiəçi hətta 2017-ci ildə Bakıda keçirilmiş U-17 Avropa çempionatında Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiyaya (0:1) qarşı forma geyinib.
Hazırda Karakaş Türkiyənin səviyyəcə dördüncü, amma 3-cü Liqa adlandırılan çempionatında "Erciyes 38"in formasını geyinir.










































































