Türkiyə Kubokunun C qrupunda ilk turun mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda əzəli rəqibi “Beşiktaş”a 1:2 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, İstanbul derbisində qonaq komandanın qələbəsini Vatslav Çernı təmin edib. Çexiyalı hücumçu 33-cü və 90+1-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb. “Fənərbağça”nın yeganə qolunu isə 43-cü dəqiqədə penaltidən Marko Asensio vurub.
Bu nəticədən sonra “Beşiktaş” Türkiyə Kubokunda qrup mərhələsinə qələbə ilə başlayaraq aktivinə 3 xal yazdırıb. “Fənərbağça” isə turnirdə ilk oyununu məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, “Fənərbağça” Türkiyə Kubokunun II turunda 14 yanvar tarixində səfərdə “Beyoğlu Yeni Çarşı” ilə qarşılaşacaq. “Beşiktaş” isə 15 yanvarda “Ankara Keçiörengücü”nü qəbul edəcək.








































































