
Vüqar İSKƏNDƏROV
Ölkəmizdə idman xüsusi bir siyasətin tərkib hissəsidir. Dövlət başçısının bu sahəyə xüsusi diqqətini hər birimiz bilirik. Prezident İlham Əliyev dünyanın nadir ölkə başçılarındandır ki, həm də paralel olaraq Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Bu simvolik məna daşımaqla yanaşı, həm də xoşməramlı mesajdır. Bu, idmanın kütləviliyinə, insana və cəmiyyətə faydalarına, olimpiya hərəkatına, sağlamlığa, gənclərin zərərli vərdişlərdən yayınmalarına böyük önəmin verildiyini özündə əks etdirir.
O cümlədən, idman növlərindən olan futbolun kütləviliyi və populyarlığı artıq ayrıca bir siyasi prosesə çevrilib. Futbol ətrafında baş verən ajiotajlar, həm milli komandaların, həm də futbol klublarının nəticələri təbii ki, ölkələrin tanınmasına və həmin ölkədə idman növlərinin necə və hansı formada inkişaf etməsinə də təsirini göstərir.
Ölkəmizdə də futbola böyük maraq və dövlət tərəfindən diqqət var. Ağdamın “Qarabağ” klubu uzun illər ərzində qazandığı böyük nailiyyətlər və verdiyi nəticələrlə hər bir azərbaycanlının qüruruna çevrilib. O cümlədən, milli komandamızın oyunları və göstərdiyi nəticələr futbol həvəskarlarına, azarkeşlərə bu və ya digər dərəcədə təsirini göstərir.
Uzun müddət ərzində legioner məşqçilərin, dünyanın tanınmış futbol mütəxəssislərinin milli komandamıza cəlb olunması və onların verdikləri nəticələr heç də qənaətbəxş olmadı. Bu mənada, son günlər AFFA-nın düzgün qərarı nəticəsində millinin yerli baş məşqçiyə - Ayxan Abbasova həvalə olunması hər bir futbol azarkeşində ümid yaratdı. Həqiqətən də bu təyinatla bir daha təsdiq olundu ki, biz öz mütəxəssislərimizə etibar etməli, güvənməli və dəstək olmalıyıq.
Bu gün “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov dünyada adından söz etdirən azsaylı futbol mütəxəssislərindən biridir və onun azərbaycanlı olması hər birimizi qürurlandırır. O cümlədən, yeni təyinatdan qısa vaxt keçməsinə baxmayaraq, milli komandanın ruhunda dəyişiklik açıq-aşkar hiss olunur. Elə ilk oyunda Ukrayna ilə heç-heçə etməsi, Fransa ilə oyunda döyüşkən bir komandanın meydanda olması bizə bir az da ümid verdi.
Oktyabrın 13-də Ukrayna ilə Polşadakı oyun, əminəm ki, hər bir azarkeşi ümidləndirdi. Xüsusən, oyunun ikinci hissəsində biz meydanda fərqli bir komanda gördük. Meydanda üstünlük əsasən Azərbaycanın tərəfində oldu. Artıq oyunçuların fərdi ustalıqları üzə çıxmağa başlayıb. Xüsusilə də “Qarabağ”dan dəvət almış milli komanda üzvlərinin həyəcan keçirmədən, sakit və taktiki baxımdan düzgün oyun göstərmələri bu məsələni ortaya çıxarır ki, yerli çempionata – həm Premyer Liqaya, həm də I Liqa və II Liqaya diqqəti artırmalı, rəqabət mühitini formalaşdırmalıyıq.
Ölkə çempionatı nə qədər güclü olarsa, mütləq şəkildə yığmanın oyununa da ciddi təsir göstərəcək. Həm Fransa, həm də Ukraynaya qarşı Azərbaycan millisi fərqli oyun nümayiş etdirdi. Komandada milli ruh var, oyunçular son ana qədər mübarizə aparırlar, döyüşkəndirlər. Xətlər arasındakı əlaqələrdə artıq müsbət irəliləyişlər var. Komanda topu özündə saxlamağı bacarır, oyunçular fərdi olaraq yaxşı texnika nümayiş etdirirlər.
Təbii ki, baş məşqçiyə zaman vermək lazımdır. Hazırda keçid dövrünü yaşayırıq, çünki yeni oyunçular cəlb olunur, yeni baş məşqçi var. Baş məşqçinin dəst-xətti, komandada yaratdığı ruh və milli hisslərin yüksək olması komandanın ümumi oyununa təsirini göstərəcək.
Əlbəttə, cari seçmə tsikldə artıq hər hansı nəticənin göstərilməsinə ümidimiz azdır, amma hər oyunda millinin daha yaxşı inkişaf etdiyini, irəliləyişi görürük. Ona görə də yerli mütəxəssisə inanmalı, güvənməli və dəstəkləməliyik ki, gələcək oyunlarda və turnirlərdə milli komanda istədiyimiz oyunu göstərə və nəticə əldə edə bilsin. Bunun üçün hər birimiz komandanın yanında olduğumuzu göstərməliyik.