Cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatını milli komandanın baş məşqçisi Riçard Trautman da izləyib.
Yarış başa çatdıqdan sonra almaniyalı mütəxəssis Sportnet.az-a geniş müsahibə verib. 56 yaşlı baş məşqçi həm çempionatı, həm də başa çatmaqda olan 2025-ci ili dəyərləndirib, qarşıdakı planlar və gündəmdə olan digər məsələlər barədə danışıb:
"Almaniya ilə müqayisədə fərq göz qabağındadır"
- Azərbaycan çempionatının gedişatı və təşkilatçılığı sizdə hansı fikirləri formalaşdırdı?
- Məncə format çox yüksək səviyyədədir. Bilirsiniz, bizdə təxminən eyni ab-hava, eyni təşkilatçılıq var, hər şey Qran Pri və ya Böyük Dəbilqə səviyyəsində keçirilir. Mən bir çox milli çempionatı tanıyıram. Adətən çox az ölkə yerli yarışlarını bu səviyyədə təşkil edir. Gələn il Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək. Mundialdan əvvəl bu cür təşkilatçılıq çox yaxşıdır. Təşkilatçılıq barədə onu da deyə bilərəm ki, uzun illərdir Böyük Dəbilqə təşkil edirik və hər kəs təşkilatçılığımızdan həmişə məmnun qalır. Məncə, Azərbaycan Cüdo Federasiyası çox yaxşı iş görür.
- Müqayisə etsək, ölkənizdə də cüdo yarışlarının bu cür təşkil olunduğunu söyləyə bilərsiniz?
- Bilirsiniz, Almaniyada milli çempionatın təşkilatçılığı yaxşıdır, amma bu səviyyədə deyil. Tamaşaçı sayı bu qədər çox olmur, televiziya və sosial mediada da buradakı qədər diqqət göstərilmir. Burada isə bu işlə məşğul olan çoxlu insan var və onlar idmanı kifayət qədər yaxşı təbliğ edirlər.
- 2025-ci illə bağlı fikirləriniz necədir?
- Belə deyək: bu il indiyə qədər heç vaxt qazanmadığımız qədər medal əldə etdik. Amma Paris-2024 Yay Olimpiya Oyunlarından sonra bizim üçün kifayət qədər çətin il oldu. İki olimpiya çempionumuz çox böyük diqqət mərkəzinə düşdü. Onların bu xətti qorumaları, yalnız idmana fokuslanmaları çətinləşir. Xüsusən, Hidayət Heydərov üçün. Çünki o, yerli qəhrəmandır və hamı ondan hər dəfə nə isə istəyir. Bu qədər diqqətin içində idmana köklənmək asan deyil. Mən onu başa düşürəm: qazanc, tədbirlər, öhdəliklər. Hidayət eyni zamanda pul da qazanır. Biz onu tədricən, yavaş-yavaş geri qaytardıq. Son yarışında - VI İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış etdi, qızıl medal qazandı. Amma əslində yay fasiləsindən sonra tədricən formasını artırdı. Zelim Kotsoyev isə peşəkar idmançıdır, onunla bağlı hər şey qaydasındadır. Ümumiyyətlə, olimpiadalardan sonra idmançılar çox şey etməli olurlar. İnsanlar uzun müddətdir davam edən zədələrini əməliyyat etdirir, sonra bərpa prosesi keçirlər. Olimpiya tsikli başa çatdıqdan sonra komandaya daha çox yeni idmançı cəlb etməyə çalışdıq. Yeni idmançılar, tam istedadlı deyillərsə, təbii ki, təcrübə qazanmaq və ən yüksək beynəlxalq səviyyəyə çatmaq üçün zamana ehtiyac duyurlar. Biz də müəyyən təcrübələr apardıq, yeni idmançılar gətirdik və ümumilikdə nəticə pis olmadı.
"Yalnız Yaponiya hər il dünya çempionu verə bilir"
- Bəs niyə bu il dünya çempionu və Avropa çempionu olmadı?
- Məsələ belədir: İlk növbədə, hər il dünya çempionunun olacağını düşünmək sadəcə xəyaldır. Olardı, yaxşı olardı, bəli. Yalnız Yaponiya bunu davamlı edə bilir, başqa ölkələr yox. Bu, əlbəttə, bizim çatışmazlığımızdır. Hazırda belə bir səviyyədə 2 cüdoçumuz var. Amma açığı, axırda nə vacibdir? Düzdür, bu il çempionumuz olmadı, amma əsas məqsəd növbəti Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Eyni zamanda gələn il Bakıda keçiriləcək dünya çempionatında mütləq qızıl medal əldə etməliyik. Təbii ki, bunun üçün yüksək səviyyədə hazırlaşmalıyıq.
- Yekun vurmaqda olduğumuz il ərzində daha hansı məqamlar üzərində çalışdınız?
- 2025-ci ili həm də ona sərf etdik ki, görək kimlər gedəcək, kimlər daha gənc idmançılarla əvəz olunacaq. Kiminlə işləmək olur, kim nədə zəifdir, hansı fərdi çatışmazlıqlar üzərində işləmək lazımdır — bunları müəyyənləşdirdik. Yəni bu bir növ keçid ili idi və bu baxımdan hər şey normal idi. Adətən komandada bir-iki idmançı olur ki, dünya çempionluğu səviyyəsindədir. Bizim belə səviyyədə iki Olimpiya çempionumuz var. Gənclər isə hələ yetişmək mərhələsindədir. Məsələn, Elcan Hacıyev dünya çempionatında bürünc medal qazandı, sonra isə çarpaz bağ əməliyyatı və uzun bərpa prosesi keçdi. O gəncdir və gələn il Bakıda artıq yüksək səviyyədə olacaq. Onun üçün yeganə hədəf qızıldır. Mən bunu ona artıq keçən həftə demişəm: "Bakı üçün bizim yeganə məqsəd qızıl medal ola bilər". Əlbəttə, bu onun mütləq qızıl qazanacağına zəmanət deyil. Çox güclü rəqiblər var, amma onun bu səviyyədə qalib gəlmək potensialı var. Eləcə də Zelim Tçkayevi qeyd edərdim. Onun üçün bu yol uzun oldu. Bilirsiniz, mən bura gələndə Tçkayev heç bir Avropa "qızıl"ı qazanmamışdı. İndi isə onun dünya medalı da var, Avropa medalı da. Amma bu, sadəcə bir mərhələdir. Hər hansı bir çempion üçün üç, dörd, bəzən beş il davamlı hazırlıq, pillə-pillə yüksəliş lazımdır. Üstəlik, bu yüksəliş adətən düz xətt üzrə getmir, dalğalı olur. Ən vacibi isə doğru istiqamətdə irəliləməkdir. Olimpiya çempionluğu hamının arzusudur. Amma reallığı da nəzərə almaq lazımdır. Biz ikinci olimpiya çempionluğu ilə kifayətlənmirik, həm də yeni olimpiya çempionluğu qazanmaq istəyirik.
- Azərbaycan idmançıları indiyədək cüdo, güləş, stend atıcılığı, taekvondo növlərində olimpiya çempionluqları əldə ediblər. Lakin hələ də ikiqat olimpiya çempionumuz yoxdur. Hidayət Heydərov artıq Los Anceles-2028 olimpiadası üçün belə bir istəyini dilə gətirib. Bəs Zelim Kotsoyev necə, bu dərəcədə iddialıdırmı?
- Zelim Kotsoyev də bunu istəyə bilər – ya deyir, ya demir. Onlar da eyni şeyi istəyirlər, çünki əks halda, indi dayanmaq üçün səbəbləri olmazdı. Avropa çempionatını, dünya çempionatını və bu dövrədə olan bütün yarışları qazanırlarsa, amma ikinci Olimpiya qızılını qazanmaq istəyi yoxdursa, o zaman niyə davam etsinlər ki? Bizim üçün əsas odur ki, Los Ancelesdə bunu bacarmaları üçün əlimizdən gələn hər şeyi edək. Amma eyni zamanda növbəti nəsli də düşünməliyik. Növbətçilər Elcan kimi gənclərdir, yaxud da yeniyetmələr arasında dünya çempionu olmuş Vüsal Qələndərzadə. İndi biz onun çəki dərəcəsini 90 kq-a dəyişmişik. Qarşıda 2,5 il vaxtımız var ki, onları inkişaf etdirək. Elcanla da eyni vəziyyət olmuşdu: o, 81 kq-da çıxış edirdi və çəki dərəcəsini dəyişmək istəmirdi. Dəyişmək lazım idi. Bir il müqavimət göstərdi, sonra çəki dərəcəsini dəyişdi və Avropa çempionu oldu. Amma Olimpiya Oyunları üçün bir az gec oldu.
"Həmişə eyni insanlara güvənə bilmərik"
– Sizcə, Los Anceles-2028-də yeni olimpiya çempionlarının ortaya çıxma ehtimalı varmı?
– Biz məhz bunun üzərində işləyirik. Həmişə eyni insanlara güvənə bilmərik. Hidayət və Kotsoyev hələ də daxili enerjiyə, iradəyə sahib olsalar, bu mümkündür. Amma biz növbəti nəslə də baxmalıyıq. Gələcək nəsil – Elcan Hacıyev, Vüsal Qələndarzadə kimi idmançılardır. Daha gənc olanlar… Bəlkə Zelimin qardaşı Aslan Kotsoyev, bəlkə bir neçəsi də var ki, yuxarıya doğru gedirlər. Onların necə inkişaf edəcəyini görməliyik. Bilirsiniz, adətən 23 – 29 yaş arası idmançının zirvədə olduğu dövrdür. Bu gənc uşaqlar isə Los Ancelesdə 25 yaşında olacaqlar – yəni ideal vaxtdır.
– Bəs 100 kq çəki dərəcəsindəki Elmar Qasımov barədə nə düşünürsünüz? Onun Ermənistanda Azərbaycan himnini səsləndirməsindən məlumatlısınızmı?
– Bəli, amma Qasımov gənclər arasında Avropa çempionu olub və bu, 2009-cu ildə baş verib. Üstündən çox illər keçib. Artıq 35 yaşı var, “yaşlıdır”. Buna baxmayaraq, hələ də yaxşı formada qalır. Hər gün bizimlə məşq edir, amma artıq olimpiya medalı qazana biləcək idmançı deyil. O, indi daha çox başqalarının inkişaf etməsinə kömək edən təcrübəli sınaqçı rəqibdir. Onun öz karyerası bitib. Performansına gəlincə, milli səviyyədə Zelim Kotsoyev çıxış etmirsə, başqa məsələ. Amma beynəlxalq səviyyə üçün bəs etmir.
– Bir çox çəki dərəcələrindəki aparıcı cüdoçular niyə Azərbaycan çempionatında çıxış etmədilər?
– Gələn il Bakıda dünya çempionatı keçiriləcək. Biz bu il onları çox döyüşdürdük. Həqiqətən, çox səyahət etdilər, çox yarışlara qatıldılar. Üstəlik İslam Həmrəyliyi Oyunları da var idi. Orada qazandığımız xal hesablanmasa da, iştirak etmələri vacib idi. Çünki dünya reytinq sistemi mövcuddur. Dünya çempionatında isə ilk "8-lik"də olmaq böyük üstünlükdür – ilk "8-liy"ə düşən idmançı səpələnmiş olur. Buna görə hər çəkidə ən azı bir idmançımızın ilk "8-lik"də olmasını istəyirik.
Amma gələn il çox yarışmaq istəmirik. Daha çox hazırlığa fokuslanacağıq. Bu il kifayət qədər mübarizə apardılar, artıq yorğundurlar, zədələri var və s. İndi enmə, bərpa və növbəti il üçün yenidən qurulma dövrüdür.
- Hidayət Heydərov Paris-2024 olimpiadasından sonra müsahibə vermir. Amma onu tənqid edənlərə İnstaqram vasitəsilə cavab verib. İdmançının sosial şəbəkələrdən xüsusən belə açıqlamalar vermək üçün istifadəsinə necə yanaşırsınız?
- Bilirsiniz, bütün bunlar bu günlərdə həqiqətən problem yaradır, çünki mən idmançı olarkən Instagram, sosial media və heç bir şey yox idi. Amma indi idmançılar bir şey deyirlər və ictimai maraq obyekti olduqları üçün, ertəsi gün sosial mediada kontekstdən asılı olmayaraq dedikləri hər şeyi tapa bilərsiniz. Eyni zamanda öyrəndi ki, üç ay əvvəl ona "Sən əla idmançısan, ən yaxşısan, möhtəşəmsən, qəhrəmansan" deyən insanlar indi "Heç nə etmir, artıq məşqlərə çıxmır, pis idmançıdır" söyləyirlər. Onlar heç nə bilmir, sadəcə görürlər ki, qalib gəlmir və indi ona deyirlər ki, "sən pis idmançısan". Ona görə də Hidayət Heydərovun reaksiyası normaldır.
Elşən MƏMMƏDOV














































































