Ukraynalı baş məşqçi Yuri Vernidubun Bakının “Neftçi” klubunu seçməsi Ukrayna futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Səbəb təkcə mütəxəssisin xaricdə çalışmağa başlaması deyil, “Neftçi”nin Rusiya ilə əlaqələri olan klub kimi tanınmasıdır.
Sportnet.az-ın məlumatına görə, ukraynalı jurnalist Yuri Ostroumov bununla bağlı geniş yazı hazırlayıb.
Yazıda bildirilir ki, dekabrın 9-da “Neftçi” ilə 1,5 illik müqavilə imzalayan Vernidub Rusiya – Ukrayna müharibəsi fonunda bu addımı atan tanınmış ukraynalı baş məşqçilərdən biridir. O, Bakıda köməkçiləri ilə birlikdə çalışır və Ukraynanı rəsmi səviyyədə verilmiş xüsusi icazə ilə tərk etdiyini açıqlayıb.
Məsələnin mübahisəli tərəfi isə “Neftçi”nin dekabrın 15-də Moskvanın “Lokomotiv” klubu ilə əməkdaşlıq memorandumu imzalamasıdır. Rusiya klubu dövlət dəmir yolları ilə sıx əlaqədədir və bu qurum Ukraynaya qarşı hərbi təcavüzün əsas sponsorlarından biri kimi tanınır. Məhz bu fakt Ukrayna mediasında və azarkeşlər arasında narazılıq doğurub.
“Neftçi” tərəfi açıqlamasında bildirib ki, “Lokomotiv”lə əməkdaşlıq əsasən uşaq-gənclər futbolunu, məşqçi mübadiləsini və təhsil proqramlarını əhatə edir. Lakin ukraynalı ekspertlər bu izahı yetərli hesab etmir və klubun daha əvvəl Rusiyada keçirilən turnirlərdə iştirakını da xatırladırlar.
Bununla yanaşı, hazırkı mərhələdə Vernidubun rus klubları ilə birbaşa əlaqəsi yoxdur. Təcrübəli məşqçi açıqlamalarında yalnız futbol prosesinə fokuslandığını və siyasi mövzulara toxunmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, hazırda əsas məqsəd “Neftçi”ni böhrandan çıxarmaq və idman nəticələrini yaxşılaşdırmaqdır.
Vernidub artıq “Neftçi”nin baş məşqçisi kimi iki oyunda komandanı meydana çıxarıb. “Sumqayıt”la heç-heçə (2:2) və “Kərvan-Yevlax” üzərində səfər qələbəsi (2:1) fonunda Bakı klubu hazırda Azərbaycan Premyer Liqasında 7-ci pillədə qərarlaşıb.
Ukrayna ictimaiyyətində əsas sual isə açıq qalır: pro-ukrayna mövqeyi ilə tanınan Vernidub niyə Rusiya ilə əlaqələri olan kluba üstünlük verib? Ekspertlərin fikrincə, bu qərarda əsas amil “Neftçi”nin maliyyə imkanları və çempionluq ambisiyası olub. Lakin qeyd edilir ki, bu seçim məşqçinin reputasiyası baxımından risk də daşıyır.
Hazırda Vernidubun “Neftçi”dəki fəaliyyəti həm Ukraynada, həm də regionda diqqətlə izlənilir. Onun gələcək mövqeyi, açıqlamaları və klubun Rusiya ilə mümkün yeni təmasları bu müzakirələrin hansı istiqamətdə davam edəcəyini müəyyənləşdirəcək.


















































































