UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”ın Niderland “Ayaks”ına qarşı keçirəcəyi oyunla bağlı azarkeşlər üçün xüsusi məlumat yayılıb.
Sportnet.az xəbər verir ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlərin stadiona daha erkən gəlməsi tövsiyə olunur.
Klubun açıqlamasına görə, bu addım həm girişdə sıxlığın yaranmaması, həm də komandanın isinmə hərəkətlərini tam dolu tribunalar önündə etməsi üçün vacibdir.
Əlavə bildirilib ki, oyun başladıqdan 20 dəqiqə sonra stadionun qapılarından giriş məhdudlaşdırılacaq, qapılar isə görüşə 2 saat 30 dəqiqə qalmış – saat 19:15-də açılacaq.
Klub azarkeşləri qaydalara riayət etməyə və komandanı oyunun ilk anlarından etibarən dəstəkləməyə çağırıb.













































































