Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 1/4 final oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib Çexiya millisi olub.
"Tipos Arena"da təkil olunmuş qarşılaşma Elşad Quliyevin baş məşqçisi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 5:2.
Hesabı 4-cü dəqiqədə Elvin Əlizadə açıb. 17-ci dəqiqədə Təmkin Xəlilzadə ikinci qolu vurub. 25+2-ci dəqiqədə Eşqin Tağıyev fərqlənərək, Azərbaycan yığmasını fasiləyə 3:0 hesabı ilə öndə çıxarıb.
İkinci hissənin ilk dəqiqəsində Ramiz Çovdarov dördüncü qolu vurub.
27-ci dəqiqədə Pavel Exner Çexiyanın ilk qoluna imza atıb. 32-ci dəqiqədə Eşqin Tağıyev topu öz qapısına göndərib.
36-cı dəqiqədə isə Məhəmməd Xəlilov 5-ci qolu vuraraq, matçda son nöqtəni qoyub.
Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.
Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.
Azərbaycan millisi yarımfinalda Serbiya ilə qarşılaşacaq. Görüş bu gün təşkil olunacaq.
Digər matçda isə Macarıstan Ukrayna ilə görüşəcək.


















































































