Şimali Koreyanın qadınlardan ibarət “Nekohyan” komandası Asiya Futbol Konfederasiyasının (AFC) Çempionlar Liqasının yarımfinalında Cənubi Koreyanın “Suvon” komandası ilə üz-üzə gələcək.
Sportnet.az “Renhap” agentliyinə istinadən xəbər verir ki, görüş mayın 20-də Suvonda baş tutacaq.
Bu, qadınlardan ibarət futbol klubunun Cənubi Koreyada keçirəcəyi ilk oyun olacaq. AFC artıq klubun səfər qərarı ilə bağlı Cənubi Koreya Futbol Assosiasiyasını məlumatlandırıb.
Komandanın heyətində 27 futbolçu və 12 nəfərlik texniki heyət yer alacaq. Nümayəndə heyəti mayın 17-də Pekin üzərindən İnçon hava limanına çatacaq.
Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyada keçirilən U-15 turnirində Şimali Koreyadan iki klub iştirak edib. Həmçinin, 2005 və 2013-cü illərdə bu ölkənin qadın millisı Şərqi Asiya çempionatında iştirak üçün Cənubi Koreyaya səfər edib. Buna baxmayaraq, 2018 və 2025-ci illərdə keçirilən turnirlərdən imtina olunub.













































































