"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstanda MOİK-ə qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, əvvəlcə 56 yaşlı mütəxəssis penaltilər seriyasında məğlub olduqları qarşılaşmanı şərh edib:
- Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu. Bakıda da fikirlərimi bildirmişdim, burada da demişdim ki, yaxşı komandaya qarşı oynayacağıq. Bəlkə də iki eyni səviyyəli komandalar üz-üzə gəlirdi. Bunu nəticə də göstərdi. Edəcək bir şey yoxdur. Futbolçularımız çox böyük xarakter göstərdilər. Onların ümumilikdə oyuna yanaşmalarından çox razı qaldım. MOİK-i bir daha təbrik edirəm. Konfrans Liqasında Ukrayna "Dinamo Kiyev"inə qarşı oyuna hazırlaşacağıq. Sadəcə, 120 dəqiqə bir qədər çox oldu. Futbolçularım üçün bu qədər oynamaq çox yorucu oldu. Hələ buna tam hazır deyildilər. İstənilən halda, azarkeşlər üçün maraqlı oyun alındı, onlar qarşılaşmadan həzz aldılar.
- "Qarabağ" meydançada 58 faizlik topa sahib olma üstünlüyü ilə oynasa da, bunu qola çevirə bilmədi. Səbəbini nədə görürsünüz?
- Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Digər tərəfdən, futbolçularımız epizodlarda bir qədər dəqiq oynamalı idilər. Belə oyunlar da olur. Bəzən futbolçular yorğun olduqda və tam hazır olmadıqda texniki səhvlər baş verir. Amma mənim üçün vacib məsələ futbolçuların sonadək mübarizə aparmaları idi. İnanıram ki, qarşıdakı oyunlarda texniki çatışmazlıqlar yavaş-yavaş aradan qalxacaq. Komandamızda yeniliklər də var. Belə oyunlarda hücumlarımızın sayı daha çox olmalıdır ki, qol epizodları da daha çox yaradılsın. Çünki qarşımızda müdafiədə çox kompakt oynayan kollektiv var idi. Belə oyunlar da olur ki, bəzən rəqibin qapısına yol tapa bilmirsən.
- MOİK-də elə bir futbolçu varmı ki, yadınızda qalsın?
- Ad olaraq, hamı yadımda qalıb. MOİK-in çox yaxşı və təcrübəli oyunçuları var. Kimisə desəm, bir az düzgün çıxmaz. Sensini və ya başqasını... Belə oyunçular çoxdur. Ümumilikdə qarşımızda bir-birini tamamlayan yaxşı kollektiv var idi.
- Mərkəz hücumçunuz Zakaria Savonun zədəsi nə yerdədir?
- Gərgin oyun idi, birəbir mübarizələr çox oldu. İstər-istəməz yorğunluq nəzərə çarpırdı. Savo əlavə vaxtda zədə aldı. Ona görə də qeyd etdim ki, 120 dəqiqə çox oldu və futbolçularım belə bir fiziki gücün öhdəsindən gəlməyə tam hazır deyildilər. Ümumiyyətlə, Savo sürətli oyunçudur, çoxlu güc sərf edir. Belə oyunçularda zədə ehtimalı tez-tez olur. Zədə aldı. Deyəcək başqa bir söz yoxdur.










































































