"Məqsədimiz çempionatın qızıl medalına sahib olmaq idi. Lakin bu turnirdə daha güclü idmançılar çıxış edirdilər və mən mübarizəmi üçüncü pillədə başa vurdum". Sportnet.az-ın məlumatına görə, bunu Gürcüstanın paytaxtı Tiflisdəki Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimli "AzərTAc"a açıqlamasında deyib.
69 kq çəki dərəcəsində çıxış edən atlet Azərbaycana bürünc medalla qayıdacağı üçün məmnunluq ifadə edib: "Sevinirəm ki, medalsız qalmadım. Bundan sonra da çalışacağam ki, Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyum. Qarşıdan dünya çempionatı gəlir və inanıram ki, bu çempionatda da uğur qazanacağıq”.
İbrahimli ona göstərilən etimada və dəstəyə görə, məşqçilərinə minnətdarlıq edib.
Qeyd edək ki, Anastasiya İbrahimli birdən qaldırma hərəkətləri zamanı 103 kiloqramlıq çəkini başı üzərinə qaldırıb. Təkanla qaldırmada isə atletimiz əvvəlcə 120 kq, sonra 126 kq-ın öhdəsindən gəlib. Üçüncü cəhddə İbrahimli 130 kiloqramı başı üzərinə qaldıraraq çempionatın bürünc medalını qazanıb.