Azərbaycan ağırlıqqaldıranı İsa Əliyev Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 3 medal qazanıb.
Sportnet.az xəbər verir ki, o, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançı birdən qaldırmada 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. Atlet təkanla qaldırmada 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.