Oktyabrın 10-da Palermo şəhərində keçiriləcək Avro-2016-nın seçmə mərhələsinin İtaliya - Azərbaycan oyununu ixtisasca mühəndis olan türkiyəli referi Hüseyn Göçek idarə edəcək. Sportnet.az-ın məlumatına görə, Göçekin hakimlik karyerası 1998-ci ildə başlanıb.
O, 2001-ci ilədək Türkiyə IV divizionunun görüşlərinə təyinat alıb. 2001-ci ildən isə ölkəsinin III, PTT və Süperliqasında oyunları idarə edib. 2011-ci ildən UEFA-nın I dərəcəli hakimidir.
O, 2001-ci ilədək Türkiyə IV divizionunun görüşlərinə təyinat alıb. 2001-ci ildən isə ölkəsinin III, PTT və Süperliqasında oyunları idarə edib. 2011-ci ildən UEFA-nın I dərəcəli hakimidir.
37 yaşlı hakim karyerası ərzində 4 dəfə italyan klublarının oyununu idarə edib. Bunların 2-də italiyalılar qalib gəlib, 1-də məğlub olublar, 1 görüş isə heç-heçə başa çatıb. Bu qarşılaşmalarda Göçek əlini cibinə 14 dəfə atıb. 7 dəfə italyan təmsilçilərinin futbolçularını sarı vərəqə ilə cəzalandıran türkiyəli hakim eyni sayda da rəqibləri cəzalandırıb. 4 oyunun heç birində oyunçulara qırmızı vərəqə göstərməyib. 1 oyunda İtaliya təmsilçisinin lehinə 11 metrlik cərimə zərbəsi təyin edib.
Göçek yalnız 1 dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edib. Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi"nin Serbiyada "Partizan"la oyununda fit sahibi olan qardaş ölkə təmsilçisi 7 dəfə futbolçuları cəzalandırıb. "Partizan"ın 5 futbolçusuna, "Neftçi"nin isə 2 futbolçusuna sarı vərəqə göstərən Göçək oyunda 11 metrlik cərimə zərbəsi təyin etməyib.
Türkiyəli hakim karyerası ərzində 42 beynəlxalq oyun idarə edib. Bu matçların 72-də meydan sahibləri, 79-da qonaqlar sarı vərəqə ilə cəzalandırılıb. Təcrübəli referi 2 dəfə meydan sahiblərinin, 6 dəfə isə qonaqların oyunçusunu meydandan qovub. Ümumilikdə 5 dəfə penalti təyin edən hakim bunların 3-də meydan sahiblərini, 2-də qonaqları cəzalandırıb. Orta hesabla o, hər oyuna 0,12 penalti təyin edib, 0.19 qırmızı, 3.6 isə sarı vərəqə göstərib.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
İlkin SULTANLI