2015-ci il Bakıda keçiriləcək I Avropa Oyunlarında daha 2 növ üzrə yarışlar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Avropa Oyunlarının Təşkilat Komitəsindən Sportnet.az-a verilən məlumata görə, boks və güləş yarışlarının iştirakçılarına olimpiadaya lisenziya imkanlarının təklif ediləcəyi təsdiqlənib.
Bu idman növləri üzrə yarışlar ilk Avropa
Oyunlarında yarışların yüksək standartını təmin edərək idmançılara Olimpiya
Oyunları üçün kvalifikasiyaya doğru irəliləmək şansı verəcək. Ümumilikdə Bakı 2015-in 20 idman növündən
11-i növbəti olimpiada üçün lisenziya təklif
edir.
Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki deyib ki, "Boks və Güləşin Rio 2016 Oyunlarına kvalifikasiya qazanmasının təsdiqlənməsi Bakı 2015-in idman proqramının düzgün istiqamətdə inkişafının göstəricisidir və bu məni çox sevindirir. Avropa Olimpiya Komitələrinin Avropa Oyunlarına aid konsepsiyasının bir hissəsinə görə idmançıların özlərini daha yüksək səviyyədə sınamaları üçün elit idman yarışları yaradılmalı idi və Bakı 2015 bunu edib.”
Bakı 2015-in Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq bildirib ki, "Olimpiya Oyunlarının kvalifikasiya prosesinin bir hissəsi kimi ilk Avropa Oyunlarında belə çox sayda beynəlxalq idman federasiyalarının iştirak etməsi faktı Azərbaycanda nə dərəcədə yüksək keyfiyyətli idman tədbirinin olacağının sübutudur. Avropa Olimpiya Komitələri və Prezident Patrik Hikki bizim ən güclü idmançılarımızın qarşıdakı illərin Olimpiya Oyunları üçün öz şanslarını doğrultmaları baxımından bu böyük, multi-idman yarışının bütün qitə üçün mühüm olacağına əmindirlər.”
Bakı 2015-in Boks yarışlarında kişilər arasında 10 çəki kateqoriyasının hər biri üzrə medal qazanan idmançı AIBA 2015 Dünya Boks Çempionatında iştirak üçün yer qazanacaq. Yarışların ən yüksək dərəcəli boksçuları öz Milli Olimpiya Komitələri adından Rio 2016-da iştirak etmək hüququ qazanacaqlar.
Güləş üzrə avropalı lidmançılar və Milli Olimpiya Komitələri Rio 2016 üçün özlərinin kvalifikasiya proseslərinin bir hissəsi kimi Bakı-2015 Avropa Oyunlarının yarışlarında iştirak etməlidirlər.
Bakı-2015-in İdman şöbəsinin Direktoru Pirs O’Kallahan bildirib ki, "Avropa Federasiyaları Avropa Oyunlarının konsepsiyasının tamamilə tərəfdarıdır. Bizim proqramımızın 16 Olimpiya idman növündən 11-nə növbəti Olimpiya Oyunlarında iştirak üçün kvalifikasiya imkanlarının verilməsi Bakıda dünya miqyaslı yarışların olacağına işarədir. İlk Avropa Oyunlarının ən məşhur idman növlərindən ikisi Boks və Güləş olacaq, odur ki, idmançıların çoxunun Rio 2016-ya doğru yollarına məhz buradan başlayacaqlarını bilmək çox xoşdur.”
Rio-2016 üçün kvalifikasiya imkanları təklif edən 11 idman növünə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.