
Azərbaycanın qadınlardan ibarət milli komandasının və "Azəryol" klubunun voleybolçusu Oksana Parxomenkonun Sportnet.az-a müsahibəsi
- Azərbaycan Super Liqasının ilk turunda "Lokomotiv"ə 2:3 hesabı ilə uduzdunuz. Məğlubiyyəti nə ilə izah edərdiniz?
- Oyun bir qədər çətin alındı. Bu, çempionatda ilk görüşümüz idi. Ola bilsin, birgə yaxşı hazırlaşmaq üçün uzun müddətli vaxtımız olmamışdı. Oyunçular yenicə başa çatan dünya çempionatından yorğun qayıtmışdılar. Düzdür, "Lokomotiv"in heyətində də bir çox oyunçu bizim kimi mundialdan dönmüşdü. Amma onlar da yorğun görünürdülər. Fikrimcə, rəqibi sona qədər qiymətləndirmədik. Onlar müdafiədə bizdən daha yaxşı, mütəşəkkil idilər. Prinsipcə, elə bunun sayəsində də qalib gəldilər.
- Sanki "Lokomotiv"in qələbə istəyi daha çox idi...
- Bəli. Belə demək mümkünsə, onlar daha emosional idilər. Bizdə isə hansısa elementlər alınmadı. Bu, alınmadıqda, oyunçular əsəbiləşir və həyəcan keçirirlər. Rəqibdə isə bu, bizdən daha yaxşı alındı. Ona görə də daha emosional, aqressiv və məhz bu amillər üzündən qələbəyə layiq idilər.
- Avropa Voleybol Konfederasiyasiyasının (CEV) rəsmi saytında bacınız Yelena Parxomenko ilə birgə Azərbaycan milli komandasındakı karyeranızı dünya çempionatından sonra başa vurduğunuza dair xəbər yerləşdirilib. Bu, nə dərəcədə həqiqətəuyğundur?
- Xeyr, bu, düzgün xəbər deyil. Mən artıq gənc voleybolçu deyiləm. Çoxlu zədələr almışam. Nə qədər ki, klubdayam və lazımamsa, yığmada oynamağı özümə şərəf sayacağam.
- Elə isə belə xəbərlər haradan qaynaqlanır?
- Bilirsiniz, hərdən olur ki, oyunçu özünü çox pis hiss edir. Əsəbindən "Qurtardı, hər şeyi tullayıram" deyirsən. Bunu da kimsə eşidir və ciddi qəbul edir. Ola bilsin, hardasa demişəm və kimsə düşünüb ki, bu, ciddi məsələdir. Əsl həqiqətdə isə bunlar yorğunluq, zədələr, özünə qarşı, uduzduğun oyunlardan doğan qəzəbdən irəli gəlir.
- Bəlkə bacınız açıqlama verib?
- Düşünmürəm ki, bacım da yığmadan getdiyini harasa açıqlasın.
- Yeri gəlmişkən, Yelena Parxomenko hələ də klubsuzdur...
- Onun oynadığı "İqtisadçı" klubu bağlanıb. Hələ gözləyir, yeni klub tapmaq, oynamaq istəyir. Ola bilsin, xaricdən hansısa təklif oldu və getdi.
- Xarici kluba keçə bilər?
- Məncə, bəli.
- Hansısa təklif alıb?
- Hələ yox. Gözləyir.
- "Azərreyl" Yelena Parxomenkoya maraq göstərdiyini, amma bacınızın çox pul istədiyini iddia edir...
- Xeyr, "Azərreyl" onunla maraqlanmayıb. Bu klubun kifayət qədər komplektləşmiş heyəti var. Məndə olan məlumata görə, bacıma müqavilə təklif olunmayıb.
- Hazırda isə Yelena Parxomenkonun yeni yaradılan "Turan" klubuna keçəcəyi bildirirlir...
- Bilirsiniz, oyunçular onlara yalnız təklif var deyə, hara gəldi qaça bilməzlər. O, artıq neçə ildir millidə çıxış edir, son dünya çempionatında özünü çox yaxşı tərəfdən göstərdi. Digər tərəfdən, hələ yaradılıb-yaradılmadığı rəsmiləşməyən klubda xeyli gənc oyunçular olacaq. Bu cür səviyyəli voleybolçunun uşaqlarla eyni komandada oynaması məncə, ağlabatan deyil. Yəqin ki, bacımın qərarı tam başqa olacaq.
- Sizcə, xarici klubda çıxış etməsi onun üçün gec deyil?
- Siz bilirsinizmi, hazırda Azərbaycan Super Liqasında oynamağa gələnlərin nə qədər yaşları var? Komandamızda Yelena Nikoliç oynayır, onun 34 yaşı var. Bacımla yaşıddır. Amma nədənsə, heç kim demir ki, Nikoliçin xaricdə oynaması üçün gecdir. Çünki o, Azərbaycanın əsas komandalarından birində - "Azəryol"da çıxış edir və heç kim heç nə demir. Amma belə çıxır ki, əgər oyunçu bizimdirsə və gənc deyilsə, deməli, xaricdə oynaması üçün gecdir. İnanın, 34 yaşlı voleybolçu üçün oynamaq gec deyil. Elə oyunçular var ki, 40 - 44 yaşlarınadək oynayırlar. Fiziki sağlamlıqları imkan verirsə və istəkləri varsa, heç bir problem yoxdur.
- Demək, biz Yelena Parxomenkodan yenə legioner həyatı yaşamasını gözləyə bilərik...
- Allah qoysa...