
Bolqarıstan milli komandasının 11 ağırlıqqaldıranı dopinq-testdən keçə bilməyib. Sportnet.az-ın Bolqarıstan Ağır Atletika Federasiyasının (BAAF) rəsmi saytına istinadən məlumatına görə, yoxlamalar martda Sofiyada yığmanın təlim-məşq toplanışı vaxtı gözlənilmədən aparılıb.
Həmin vaxt atletlər Gürcüstanda keçiriləcək dünya çempionatına hazırlaşırmışlar. Almaniyanın Köln şəhərindəki laboratoriyada aparılan analiz nəticəsində kişilərdən İvaylo Filev, Fərdi Nazif, Vladimir Urumov, Asen Muradov, İvan Markov, Stoyan Yenev, Dian Minçev, Dəmir Dəmirov, qadınlardan Milka Maneva, Nadejda Nquen-Mey və Maya İvanovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozol tapılıb. Onların hamısı qərar açıqlananadək yığmadan kənarlaşdırılıblar. B probu da müsbət nəticə verəcəyi təqdirdə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının tələblərinə əsasən, hər bir ağırlıqqaldıran 4 il, məşqçiləri 2 il müddətinə diskvalifikasiya ediləcəklər. BAAF isə böyük məbləğdə cərimələnəcək.
Bu, Bolqarıstan yığması ilə bağlı ilk belə hal deyil. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bütün komanda qadağan olunmuş preparatlardan yararlanması səbəbindən diskvalifikasiya edilmişdi.
Qeyd edək ki, bolqarıstanlı baş məşqçilər Yanko Rusev və Zlatan Vanevin Azərbaycan millisinə rəhbərlik etdikləri vaxt ağırlıqqaldıranlarımızdan dopinq aşkarlanıb. Rusevin dönəmində 2, Vanevin çalışdığı vaxt isə 18 atletimiz testdən keçə bilməyib. Cəzalı ağırlıqqaldıranlardan Silviya Angelova və Valentin Xristov əslən bolqarıstanlıdır.