
"Qarabağ” futbol klubunun inzibati binasında vitse-prezident Tahir Gözəlin iştirakı ilə tədbir keçirilib. Sportnet.az-ın məlumatına görə, T.Gözəl çıxışında komandanın uğurla çıxış etdiyini və Azərbaycanı dünyaya dostların köməyilə tanıtdırdığını bildirib.
O, 1990-cı illərdən tanıdığı Tomas Qolts və Şakir Eminbəylinin belələrindən olduğunu söyləyərək, onlara hədiyyələr təqdim edib. Daha sonra klub rəsmisi hər iki şəxsə "Qarabağ"ın formasını və xatirə hədiyyəsi təqdim edib. Qolts Ağdamın maşın seriyası olan 02 nömrəli formanı alıb.
Öz növbəsində T.Qolts və Ş.Eminbəyli verdiyi dəyərə görə "Qarabağ"a minnətdarlıq edib.
Ardından təşkil olunan mətbuat konfransında T.Qolts bildirib ki, Qarabağın dünyaya Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə klubun öz uğurlu çıxışı ilə böyük rol oynadığını bildirib: "Əlinə nə qədər balta alıb vursan da, heç kim ona qulaq asmayacaq. Buna komandanın öz oyunu ilə nail ola biləcəyini söyləyib".
Qonaq həmçinin Qarabağla bağlı 52 dəqiqəlik sənədli film çəkdiklərini və təkcə futbol deyil, müharibə haqda da olduğunu bildirib. T.Qolts təqdimatın Quzanlıda da keçiriləcəyini açıqlayıb: "Sabah təqdim olunacaq filmdə "Qarabağ"ın sonuncu dəfə "İmarət"də olduğu ildən indiyədək keçdiyi yol əks olunub".
Amerikalı qonaq "Qarabağ"ın İtaliya "İnter"i ilə Avropa Liqası matçındakı qolunun sayılmamasına da toxunub: "Bu, biabırçılıq, skandal idi. Haqsızlıq isə Ağdamı təmsil edən "Qarabağ"a qarşı edilib. İnsanlar bunu çox yaxşı anlayır".
Ş.Eminbəyli isə filmin fəlsəfəsini açıqlayıb. Onun sözlərinə görə, dünyada komandası olmayan minlərlə şəhər var, amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan, "Qarabağ" barədə çəkilən film xüsusi önəm kəsb edir. Filmdə arxiv materiallarından istifadə olunub. Burada söhbət təkcə "Qarabağ" klubu və Ağdamdan deyil, Dağlıq Qarabağın işğal altındakı digər ərazilərindən gedir.