
Serbiyanın Novi Sad şəhərindəki Avropa çempionatı vaxtı Azərbaycanın gənc samboçusu Kamran Əsgərov 62 kq çəki dərəcəsində qızıl medal qazandığı halda, mükafatlandırma mərasimində Ermənistan himninin səsləndirilməsi təsadüfi deyil. Bunu Sportnet.az-a açıqlamasında ötən ay Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilmiş Dünya Kubokunda Ermənistan himnini oturaraq dinləmiş samboçumuz Bəxtiyar Abbasovun qardaşı və şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.
Ş.Abbasov baş verənlərdə yığmamızın baş məşqçisi Yaqub Abdullayevlə Azərbaycan Sambo Federasiyasını (ASF) ittiham edib: "Bəxtiyarı dəvət etmişdilər ki, Avropa Oyunlarında sambo yığmamızın heyətində mübarizə aparsın. Bu məqsədlə onu Moskvada keçirilən Dünya Kubokuna yollamışdılar. Bütün görüşlərində rəqiblərinə bir xal vermədən qalib gələn qardaşımı yarımfinalda rusiyalı ilə görüşdə sıxırlar. Finalda isə Ermənistan təmsilçisi qalib olur, Bəxtiyar isə bürünc medal qazanır. Biz ermənilərin işğal etdiyi Xocavənd rayonundanıq. Orada Qaradağlı kəndində Xocalı soyqırımına bənzər dəhşətli qətliam törədilib. Biz bunu unuda bilmərik. Eyni zamanda dövlətimizi dəstəkləyirik, vətənimiz üçün canımızdan keçərik. Bu hadisələr zamanı bizim xeyli yaxınımız dünyasını dəyişib. Bəxtiyar da həmin hadisələrin canlı şahidi kimi Ermənistan himni çalınarkən yerə oturub. Bundan sonra gözləyirdik ki, ASF Bəxtiyarı müdafiə edəcək, onun hərəkətinə hansısa formada haqq qazandıracaq. Amma federasiya rəhbərliyi tam fərqli açıqlama verərək, Bəxtiyarın Beynəlxalq Sambo Federasiyası tərəfindən ən azı 2 il müddətinə cəzalandırılacağını və bürünc medalının əlindən alınacağını açıqladı. Amma üstündən bir ayadək vaxt keçsə də, beynəlxalq qurum qardaşıma qarşı heç bir cəza kəsməyib. Hələ bu azmış kimi Avropa çempionatı vaxtı samboçumuzun qızıl medal qazanması şərəfinə Azərbaycanın yox, Ermənistanın himni çalınır. Bu vaxt samboçumuz çönüb yığmamızın baş məşqçisinə tərəf baxır. Baş məşqçi isə himni dayandırmaq əvəzinə farağat duraraq, sonadək qulaq asır, idmançımızı da məcbur edir ki, əlini ürəyinin üstünə qoyub dinləsin. Məşqçinin bu hərəkətinə baxanlar nə götürə bilərlər? Üstündən 2 gün keçməsinə baxmayaraq, ASF də olayla bağlı heç bir açıqlama vermir. Amma qardaşımın hərəkəti vaxtı dərhal "cəzalanacaq" deyirdilər".
Ş.Abbasovun fikrincə, Azərbaycanın yox, Ermənistanın himninin səsləndirilməsi heç də təsadüfi deyil: "Qoy, Rusiyanın, Gürcüstanın, Belarusun himnini səsləndirərdilər də... Niyə məhz Ermənistanın? Avropa çempionatında belə "təsadüfi səhv"lər olmur. Yenə Türkiyənin himni olsaydı, deyərdik ki, qardaşlarımızdırlar, sevə-sevə dinləyərdik. Amma Ermənistanın himnini farağat vəziyyətində duraraq, dinləyən baş məşqçidən nə gözləyəsən?"
Qardaşı hesab edir ki, B.Abbasov Serbiyadakı olaydan sonra nəinki cəzalandırılmalı, əksinə, Ermənistan samboçusuna qarşı daha əzmlə vuruşması üçün I Avropa Oyunlarında Azərbaycan yığmasının tərkibində yer almalıdır. Hərçənd, Ş.Abbasov ASF-nin belə addım atacağına inanmır: "Çünki bu, bizim federasiyanın marağında deyil. Maraqlarında olsaydı, Serbiyada baş verənlərlə bağlı hansısa açıqlama yayardılar".
Qeyd edək ki, Kamran Əsgərov Avropa çempionatının finalında ermənistanlı rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində düşmən ölkənin himnini dinləməli olub. Sonradan təşkilatçılar səhvlərini anlayaraq, Azərbaycan himnini səsləndiriblər.