
Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 125 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib gürcüstanlı Solomon Manaşvili olub.
Hesab 7:7 olsa da, sonda 4 xal tətbiq etdiyi üçün Meşvildişvili qalib elan olunub və Avropa çempionu titulu qazanıb.
Beləliklə, Azərbaycan sərbəst güləş millisi Avropa çempionatını 6 medalla başa vurub. Giorgi Meşvildişvili qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıb.
--------------------
Azərbaycan sərbəst güləşçisi Osman Nurmaqomedov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 92 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib Yunanıstan təmsilçisi Dauren Kuruqliev olub.
0:2 hesabı ilə geridə olduğu vaxt Nurmaqomedovun xalının verilmədiyini iddia edən Azərbaycan yığmasının məşqçiləri çelenc tələb edib. Hakimlər şikayəti qəbul etməyiblər. Bununla daha bir xal itirən Azərbaycan təmsilçisi qalan bölümdə də məğlubiyyətdən xilas ola bilməyib. Kuruqliev 5:4 hesabı ilə qalib gələrək, Avropa çempionu olub. Nurmaqomedov isə gümüş medalla kifayətlənib.
Bu, Azərbaycanın Avropa çempionatında ilk gümüş medalı, ümumilikdə isə 5-ci medalı olub.
------------------
Azərbaycan sərbəst güləşçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib Bolqarıstan təmsilçisi Ramazan Ramazanov olub. Rəqibinə 6:4 hesabı ilə qalib gələn Novruzov bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycan sərbəst güləş yığmasının dördüncü bürünc medalı olub. Daha əvvəl İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) da eyni nailiyyəti əldə edib.