
“Azərbaycan bizə ömürlük xatirələr bəxş etdi” bu sözləri Rusiya idman nazirinin müavini Aleksey Morozov Sportnet.az-a açıqlamasında deyib
– Oyunların gedişatını və nəticələri necə qiymətləndirirsiniz?
– Biz buna ciddi hazırlaşmışdıq. Bütün Rusiya üzrə seçmə yarışlar keçirilmişdi və öz yaş qruplarında ən yaxşı idmançılar buraya gəlmişdilər. Bu Oyunlar bizim üçün güclərimizi yoxlamaq imkanıdır. Düzünü desəm, gözlədiyimizdən də çox uğur qazandıq. Maraqlı rəqiblərlə qarşılaşdıq, bu da idmançılarımız üçün böyük güc sınağı oldu. Stolüstü tennis üzrə ümumi komanda hesabında qalib gəldik, üzgüçülükdə də yaxşı nəticələrimiz var.
– Rəqabəti necə qiymətləndirirsiniz?
– Burada 10-dan çox ölkədən komandalar iştirak edir. Rəqabət gözlədiyimizdən daha yüksəkdir. Biz məqsədyönlü hazırlaşmışdıq, son məşqləri Rusiya Federasiyasının federal bazalarında keçirdik. Stolüstü tennis üzrə komandamızın bir hissəsi sentyabrın 24-də, əsas heyət isə açılışa – sentyabrın 28-də gəldi.
– Azərbaycan tərəfindən təşkilatçılıq sizi qane etdimi?
– Qarşılanma və təşkilatçılıq bizi çox məmnun etdi. Nəqliyyat dəqiq işləyir, idmançılar və məşqçilər yüksək səviyyədə yerləşdiriliblər. Açılış mərasimi isə hər kəsi heyran etdi. Təxminən bir saat yarım davam edən proqramda həm mədəniyyət, həm də Azərbaycanın tarixi və müasir inkişafı təqdim olundu. Çox rəngarəng və innovativ idi.
– Digər yarışlardakı rəqabət barədə nə deyə bilərsiniz?
– Rəqabət doğrudan da güclüdür. Sambo üzrə də ciddi rəqiblər var. Dünən yarışda iştirak etdik, Ekvador kimi ölkələr də medallar qazandı. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovla görüşümüz oldu. O, rusiyalı gənc bir idmançımıza işarə edərək dedi: “Məncə, sizin ulduzunuz var, o, gələcəkdə böyük ustad ola bilər”. Bu, bizim üçün çox dəyərlidir.
– Qarşıda sizi hansı oyunlar gözləyir?
– Bu gün Özbəkistanla futbol matçımız olacaq. Faktiki olaraq, bu oyun qrup liderini müəyyənləşdirəcək. Belarus komandası güclü rəqib idi, amma ümid edirik ki, Özbəkistana qarşı yaxşı nəticə əldə edəcəyik. Komandamız artıq 4:0 hesablı qələbə qazanıb, çox yaxşı çıxış etdilər.
– Yarışlardan kənar ab-havaya münasibətiniz necədir?
– Burada beynəlxalq ünsiyyət üçün əla şərait yaradılıb. İdmançılarımız yalnız nəticə qazanmaqla kifayətlənmirlər, həm də digər ölkələrin nümayəndələri ilə tanış olurlar, Azərbaycan mədəniyyətini və mətbəxini yaxından tanıyırlar. Bu yarışdan ömürlük xatirələrlə qayıdacağıq.
– Sonda azarkeşlərə nə demək istərdiniz?
– İdmançılara və azarkeşlərə arzum budur ki, təkcə yarışları izləməklə kifayətlənməsinlər, həm də ünsiyyət qursunlar, əlaqələr yaratsınlar. Bu, idmanın ən böyük dəyərlərindən biridir.