Böyük britaniyalı boksçu Entoni Coşua WBA (Ümumdünya Boks Assosiasiyası) və IBF (Beynəlxalq Boks Federasiyası) versiyaları üzrə dünya çempionu titulu uğrunda döyüşdə ukraynalı Vladimir Kliçkonu məğlub edib.
Sportnet.az-ın məlumatına görə, döyüş bu gecə Londondakı "Uembli" stadionunda təşkil olunub. Coşua 4-cü raundda Kliçkonu noqdauna göndərsə də, növbəti raundda özü belə vəziyyətə düşüb. Lakin britaniyalı boksçu özünə gələrək döyüşün sonlarında üstünlüyə yiyələnib. 11-ci raunnda Coşua Kliçkonu 2 dəfə nokdauna göndərib. Onun növbəti cəhdindən sonra referi döyüşü saxlayıb.
Rəqblər bu görüşə görə hərəyə 13 milyon dollar qazanıblar. Bu, 41 yaşlı Kliçkonun peşəkar rinqdə 5-ci məğlubiyyəti olub. Onun aktivində 53-ü nokautla olmaqla, 64 qələbə var. Coşua isə sonuncu dəfə həvəskar rinqdə uduzub. O, 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında 91 kq-dan yuxarı çəki dərəcəsində Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova yenilib. 27 yaşlı boksçu peşəkar rinqdə 19 görüşünün hamısını vaxtından əvvəl qələbə ilə başa vurub.
Qeyd edək ki, hər iki boksçu olimpiya çempionu olub. Vladimir Kliçko 1996-cı il Atlanta, Entoni Coşua isə 2012-ci il London olimpiadasında birinci yeri tutub.