Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu gün keçirilən 1/4 final döyüşlərində Azərbaycan yığmasının 5 üzvündən yalnız 1-i döyüşünü qələbə ilə başa vurub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Kamran Şahsuvarlı (75 kq) almaniyalı Silvio Şyerleni 4:1 hesabı ilə yenərək, yarımfinala yüksəlib. Bununla da Şahsuvarlı ən azı bürünc medalı təmin edib. O, iyunun 23-də baş tutacaq 1/2 finalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.
Qalan boksçulara gəldikdə, "Rio-2016"nın gümüş mükafatçısı Lorentso Sotomayor (64 kq) polşalı Mateuş Polskiyə, Pərviz Bağırov (69 kq) ukraynalı Yevgeni Barabanova, Abdulqadir Abdullayev (91 kq) ingiltərəli Çeavan Klarka (İngiltərə), Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub.
Qeyd edək ki, 1/4 final mərhələsinin nəticələrindən asılı olmayaraq, Azərbaycanın 5 boksçusunun hamısı dünya çempionatına lisenziya qazanıb.