Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, kişilər və qadın cüdoçuların hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Qadınların yarışında həm Səkinə Zayirova, həm də İçinxorlo Munxtsedev ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Əvəzində kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarımfinaladək irəliləməyi bacarıb.
Hər iki idmançımızın yarımfinal görüşü eyni zamanda başlayıb. Rüstəm Orucov Cənubi Koreyalı rəqibi Çanqrim Anı ippon fəndi ilə məğlub edərək dünya çempionatının finalına yüksəlib. Digər təmsilçimiz Hidayət Heydərov isə yaponiyalı Soiçi Haşimoto ilə bacarmayıb. Paralel keçən görüşdə məğlub olan təmsilçimiz bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayarla mübarizə aparacaq.
Bürünc medal uğrunda keçirilən görüşdə Hidayət Heydərov monqolustanlı Qanbatar Odbayara uduzaraq mundialı medalsız başa vurub.
73 kiloqram çəki dərəcəsində kişilərin yarışında təmsilçimiz Rüstəm Orucov final döyüşünə çıxıb. Ancaq yaponiyalı Soiçi Haşimotoya uduzan idmançımız gümüş medalla kifayətlənməli olub. Həlledici görüşün əsas vaxtında qalib müəyyənləşməyib və qızıl xala ehtiyac duyulub. Burada isə Yaponiya təmsilçisi görüşün taleyini həll edib. Beləliklə Azərbaycan yığması aktivinə daha bir gümüş medal yazdırıb və ümumilikdə medal qazanan ölkələrin siyahısında 3-cü yerə yüksəlib.
73 kq
Final. Rüstəm Orucov - Soiçi Haşimoto (Yaponiya)
Bürünc medal uğrunda. Hidayət Heydərov - Qanbatar Odbayar (Monqolustan)
Yarımfinal. Rüstəm Orucov - Çanqrim An (Cənubi Koreya)
Yarımfinal. Hidayət Heydərov - Soiçi Haşimoto (Yaponiya)
1/4 final. Rüstəm Orucov - Saiyinjiriqala (Çin)
1/4 final. Hidayət Heydərov - Denis Yartsev (Rusiya)
1/8 final. Rüstəm Orucov - Behruzi Xojazoda (Tacikstan)
1/8 final. Hidayət Heydərov - Maqdiel Estrada (Kuba)
1/16 final. Rüstəm Orucov - Pyer Dupra (Fransa)
1/16 final. Hidayət Heydərov - Aleksandru Rayku
1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)
1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova)
Qadınlar
57 kq
1/32 final. Səkinə Zayirova - Viktoriya Mayorosova (Slovakiya)
1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)
Qeyd edək ki, millimiz bununla 2-ci gümüş medalı aktivinə yazdırıb. Buna qədər isə Azərbaycan yığmasından yalnız Orxan Səfərov (60 kq) gümüş medal qazanmışdı.