Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün V turun görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu və yarışın lideri Maqnus Karlsenlə, Teymur Rəcəbov isə ağ fiqurlarla Sergey Karyakinlə heç-heçə edib. Beləliklə, Rəcəbov bütün görüşlərində, Məmmədyarov isə 4-cü qarşılaşmasında xalları yarı bölüb. Onların heç biri hələ qələbə qazana bilməyib.
Əvəzində digər qarşılaşmalarda ağ fiqurlarla oynayanlar qalib gəliblər.
Sabah turnirdə fasilə elan olunacaq. VI turun görüşləri isə aprelin 6-da keçiriləcək.
"ShamkirChess 2019"
V tur
4 aprel
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
David Navara (Çexiya) - Dinq Liren (Çin) - 1:0
Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) - 1:0
Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0
Qeyd edək ki, 5 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen 3,5 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand və Sergey Karyakin 2-3-cü, hərəyə 2,5 xala malik David Navara, Aleksandr Qrişuk, Dinq Liren və Teymur Rəcəbov 4 - 7-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Veselin Topalov 8-9-cu yerləri bölüşür. Sonuncu pillədəki Aniş Girinin isə 1,5 xalı var.