Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis təşkilatçı Braziliyanın təqdimata ehityacının olmadığını bildirib. O, Dominikan Respublikası yığmasının son illər çox irəlilədiyini, Kamerunun isə dünya çempionatında pis təsir bağışlamadığını əlavə edib. "Bir sözlə, bizim üçün çətin olacaq" deyən Kaprara qrup mərhələsini keçməyə çalışacaqlarını vurğulayıb.
Hazırlıq prosesinə iki həftədir başladıqlarını xatırladan Kaprara iki məsələnin düşündürücü olduğunu söyləyib: "İlk olaraq, biz komanda kimi birgə çox məşq keçirməli, daha sonra yoxlama matçlarında gücümüzü yoxlamalıyıq".
Qeyd edək ki, təsnifat turniri 1 - 3 avqustda olacaq. Azərbaycan millisi D qrupunun oyunlarına Bakıda hazırlaşır.