BƏƏ-nin paytaxtı Əbu-Dabidə qarışıq döyüşlər üzrə UFC 242 turniri başa çatıb.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşü yüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə təşkilatın müvəqqəti çempionu Dastin Porye arasında baş tutub.
Görüş rusiyalı idmançının aşkar üstünlüyü şəraitində keçib. O, artıq ilk raundda rəqibini iki dəfə küncə sıxaraq boğucu fəndlər tətbiq etməyə çalışıb və beş dəqiqəlik müddətin sonunda Poryeyə bir neçə sərt dirsək zərbəsi endirib.
İkinci raundun ilk dəqiqəsində Porye rəqibinə qarşı duruş gətirə bilib və Nurməhəmmədova bir neçə sərt zərbə endirməyi bacarıb. Lakin tezliklə dağıstanlı döyüşçü yenidən rəqibini yerə yıxaraq beş dəqiqənin sonuna qədər döyüşə hakim olub.
Üçüncü raundda isə Nurməhəmmədov Poryenin müqavimətini qıraraq boğucu fənd tətbiq edib və döyüşü vaxtından əvvəl qələbə ilə başa vurub.
O, ardıcıl ikinci dəfə titulunu müdafiə edib və qarışıq döyüşlərdə qələbə seriyasını 28-ə çatdırıb. Poryeyə gəlincə, amerikalı idmançı müvəqqəti çempion titulundan məhrum olub. Dastinin ardıcıl beş döyüşlük qələbə seriyası qırılıb. O, daha əvvəl 2016-cı ildə məğlubiyyətlə üzləşmişdi.