"Qarabağ”ın
baş direktoru Əmrah Çəlikəl çempionluğu təmin etdikləri "İnter"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir?
- Öncə çempionluq münasibətilə sizi təbrik edirik. Oyun barədə nə deyə bilərsiniz?
- Matç haqqında deyiləcək bir söz yoxdur. Super oyun idi. "İnter”i də gözəl oyun münasibətilə təbrik edirəm. Biz bu gün çempionluğumuzu təmin etdik. Buna görə çox sevincliyik. "Qarabağ” oyunu, nizam-intizamı, birlik-bərabərliyi, sponsoru ilə çoxdandır buna layiq idi. Hamımız çox xoşbəxtik. Əlbəttə, sevincimiz böyükdür.
- Siz paltardəyişmə otağına gedəndən sonra
birdən-birə səs küy gəldi. Deyəsən, mükafatın həcmini açıqladınız...
- Mənim
elə bir səlahiyyətim yoxdur. Mən də komandanın bir üzvü kimi baş məşqçi kimi Qurban
Qurbanovun köməyindəyəm. Bu məsələlərə prezidentimiz, vitse-prezidentimiz qərar
verəcək.
- Amma yəqin ki, mükafat rekord məbləğdə
olacaq...
- Məncə,
"Qarabağ”ın çempionluğunun mənəvi dadını pulla ödəmək mümkün deyil.
- Əvvəlki mövsümlərdə bir neçə dəfə Avropa
Liqasının qrup mərhələsinin qapısından qayıtdınız. Bu mövsüm azarkeşlər sizdən
nə gözləyir?
- Əlbəttə,
bizim həmişə hədəflərimiz qrup mərhələsi olub. Amma kimə uduzmuşuqsa, ya Avropa
Liqasının qalibi olub, ya da həlledici mərhələlələrədək irəliləyə bilib. Biz belə
komandalarla mübarizədə uduzmuşuq. Əlbəttə, hədəflərimiz yüksəkdir. Çünki biz "Qarabağ”ıq.
1 milyon qaçqınımızı, Azərbaycanımızı, işğal altındakı torpaqlarımızı təbrik
edirik. Bunun özü böyük motivasiya, böyük stimuldur. Biz bütün yarışlarda ən
layiqli şəkildə çıxış etmək istəyirik.
- Reynaldoya hər hansı təklif gələrsə, göndərərsiniz?
- Buna
Reynaldo və bizlər qərar verəcəyik. Amma onun hazırda özünü xoşbəxt hiss etdiyi
və edə biləcəyi, bunu fikirləşdiyi ikinci komanda yoxdur. Onun futbolçu
karyerası üçün ikinci bir ünvan olsa, əlbəttə, özümüz əlimizlə təhvil verərik. Necə
ki Vaqif Cavadovu "Tvente”yə apardıq.
- Çempionluq kubokunu Ağdama aparacaqsınız?
- Mütləq. Çünki bu, Ağdamın kubokudur. "Qarabağ” Ağdamı təmsil edir. Biz vitse-prezidentimiz Tahir Gözəli gözləyirik. Bugünkü qalibiyyətimizin memarı Qurban müəllimdir. Amma sponsor kimi böyük fədakarlıqlarla klubu saxlayan Tahir bəyin kubok üzərində Qurban müəllim qədər haqqı var. Onun böyük istəyidir ki, kuboku Ağdama aparaq.
Elmar
VƏLİYEV