
Türkiyənin Antalya şəhərində İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) Bürosunun dördüncü rəsmi iclası keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, UNESCO Antidopinq Konvensiyasının Açıq İşçi Qrupunun Əsas Qrup üzvü Elnur Məmmədov iştirak edib.
Məmmədov tədbirdə çıxış edərək Azərbaycanın antidopinq siyasəti və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.
İclasda dopinqə qarşı qlobal mübarizənin gücləndirilməsi, konvensiyanın təsir dairəsinin artırılması, davamlılığı və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.