
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının ilkin yarış cədvəli açıqlanıb.
Sportnet.az xəbər verir ki, Oyunların açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi oktyabrın 8-də tikilməkdə olan Gəncə şəhər stadionunda keçiriləcək.
Bu arenada heç bir növ üzrə yarış olmayacaq.
Mübarizəyə isə artıq sentyabrın 27-də Qəbələdə stolüstü tennisçilərin qarşılaşmaları ilə start veriləcək. Son yarış günü - 8 oktyabr Şəkidə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq.
Gəncə İdman Sarayında 28 sentyabr - 2 oktyabrda üzgüçülük, 29 sentyabr - 1 oktyabrda güllə atıcılığı, 29 sentyabr - 6 oktyabrda voleybol, 2 oktyabr - 7 oktyabrda qılıncoynatma yarışları olacaq.
Gəncə Olimpiya İdman Kompleksində 3-4 oktyabrda sərbəst güləşçilər, 7 oktyabrda yunan-Roma güləşçiləri çıxış edəcəklər.
Gəncə basketbol meydançasında 5-6 oktyabrda 3X3 basketbol mübarizəsi olacaq.
Qəbələ Olimpiya İdman Kompleksi 27 - 30 sentyabrda stolüstü tennisçilərin, 3 - 7 oktyabrda badmintonçuların, Qəbələ Şəhər Stadionu 28 sentyabr - 6 oktyabrda 16 yaşadək futbolçuların, Qəbələ Atıcılıq Klubu 3 - 6 oktyabrda stend atıcılarının ixtiyarına veriləcək.
Şəki Şəhər Stadionunda 28 sentyabr - 7 oktyabrda çövkən yarışı, Şəki Olimpiya İdman Kompleksində 1 - 3 oktyabrda batut gimnastikası, 6 - 8 oktyabrda bədii gimnastika üzrə çıxışlar olacaq.
Mingəçevirdəki "Kür" Olimpiya Mərkəzi 28 - 30 sentyabrda taekvondo, 4 - 6 oktyabrda akademik, kayak və kanoe qayıqlarında avarçəkmə, 5-6 oktyabrda karate yarışlarına şahidlik edəcək.
Göygöl Olimpiya İdman Kompleksinə 28 - 29 sentyabrda sambo, 4 - 7 oktyabrda cüdo yarışları təyin olunub.
Tikilməkdə olan Yevlax Olimpiya İdman Kompleksi 29 sentyabr - 5 oktyabrda boksçular üçün nəzərdə tutulub.
Nəhayət, Xankəndi Şəhər Stadionunda 2 - 5 oktyabrda kamandan oxatanlar qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, bu cədvəl ilkin versiyadır və dəyişə bilər.