
III MDB Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gələn altı ölkənin KİV nümayəndələri Şuşa–Xankəndi marşrutu üzrə media-turda iştirak ediblər.
Sportnet.az xəbər verir ki, Jurnalistlər əvvəlcə Qarabağın incisi və Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinə səfər edərək onun zəngin tarixi irsi ilə tanış olublar. Tur Mərkəzi Meydandan başlayıb. Onlar XIX əsrdə şair Xurşidbanu Natəvan tərəfindən çəkilmiş “Xan qızı” bulağını, Şuşa qalasının Gəncə qapılarını və Gövhər ağa yuxarı məscidini ziyarət ediblər.
Qonaqlarda xüsusi təəssürat yaradan məkan isə Cıdır düzü olub. Daha sonra nümayəndələr Şuşadan dörd kilometr aralıda yerləşən “İsa bulağı” istirahət kompleksində olublar.
Turun növbəti mərhələsi Xankəndində davam edib. Burada qonaqlar Qarabağ Universitetinə baş çəkib və şəhər stadionunda start götürən III MDB Oyunlarının kamandan oxatma yarışlarını izləyiblər. Bu turnir Xankəndidə azadlıqdan sonra keçirilən ilk beynəlxalq idman tədbiridir.
2–5 oktyabr tarixlərində keçirilən yarışda MDB ölkələrinin ən yaxşı oxatanları medallar uğrunda mübarizə aparır.