Fevralın 11-də Fransanın Lyeven şəhərində start götürəcək badminton üzrə komandalararası Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, baş məşqçi Morteza Validarvin Orxan Qələndərov, Səbuhi Hüseynov, Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Cahid Əlhəsənov və Aqil Qəbilova şans verəcək. Yığma çempionata hazırlığın son mərhələsində Ukrayna və Danimarkada təlim-məşq toplanışı keçəcək.
5-ci qrupda rəqiblər Almaniya, Çex Respublikası və İslandiya olacaq. Qrupda ilk oyun fevralın 11-də İslandiyaya qarşı olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Azərbaycan ikinci turda Almaniya, qrup mərhələsinin son oyununda isə Çex Respublikası ilə qarşılaşacaq.
Komanda sayından asılı olmayaraq, pley-offa ilk yerin sahibləri yüksələcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşdən ibarət olacaq. Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq. Avropa çempionatına fevralın 16-da yekun vurulacaq.