![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739132591_zaqreb-gules.jpeg)
Xorvatiyanın paytaxtında keçirilən güləş üzrə reytinq xarakterli "Zaqreb Open" turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 11 üzvü xalçaya çıxıb.
55 kq çəki dərəcəsində Elmir Əliyev A qrupunda iranlı Mehdi Əhədi (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Qrup qalibi kimi yarımfinala yüksələn Əliyev amerikalı Bredi Kuntsu da üstələyib – 5:0. O, finalda yenidən Əhədi ilə qarşılaşıb və inamlı qələbə (7:0) ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kq çəkidə Azərbaycanı 3 güləşçi təmsil edib. Yuxarı çəkidə çıxış edən Eldəniz Əzizli startda özbəkistanlı Mehrac Bəhramovla bacarmayıb – 0:9. Nihat Məmmədli israilli Melkamu Feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda Bəhramova 6:11 hesabı ilə məğlub olub. Hüseyn Qəribov debütdə serbiyalı Georgi Tibilova uduzub – 0:6. O, təsəlliverici görüşdə israilli Abere Feteneni (4:1) üstələsə də, bürünc medal qarşılaşmasında iranlı Puya Naserpura yenilib – 1:9.
72 kq-da Ülvü Qənizadə ilk mərhələdə çexiyalı Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib. Onunla eyni çəkidə çıxış edən Ruslan Nurullayev debütdə macarıstanlı Levente Levaya 1:4 hesabı ilə məğlub olub. O, təsəlliverici görüşdə finlandiyalı Matias Lipastiyə şans tanımayıb – 11:0. İranlı olimpiya və dünya çempionu Mohammadreza Gerayi isə həlledici qarşılaşmaya çıxmadığı üçün Nurullayev üçüncü yeri tutub.
82 kq-da Qurban Qurbanov serbiyalı Uroş Leçiç (8:0) və Beynəlxalq Güləş Federasiyasının (UWW) bayrağı altında yarışan əslən belaruslu İlya Bitseyev üzərində inamlı qələbə (6:0) qazanıb. O, yarımfinalda iranlı Qolamreza Faroxinsenjaniyə uduzub – 3:11. Qurbanov rumıniyalı Vasile Koyoku vaxtından əvvəl (9:0) xalçadan məyus yola salaraq bürünc medala sahib çıxıb.
97 kq-da Arif Niftullayev hollandiyalı Tirone Sterkenburqu 3:2 hesabı ilə üstələsə də, 1/8 finalda iranlı Şayan Habibzareyə uduzub – 0:8. Bu çəkidəki Murad Əhmədiyev UWW bayrağı altında çıxış edən rusiyalı Maqomed Murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırdıqdan sonra belaruslu UWW təmsilçisi Abubakr Xaslaxanova uduzub – 2:12. O, təsəlliverici görüşdə iranlı Hamidreza Badkanı məyus edib – 5:4. Əhmədiyev üçüncülük üçün Habibzare ilə güləşib və 6:3 hesablı qələbə sayəsində bürünc medala sahib çıxıb.
130 kq-da Beka Kandelaki Macarıstan güləşçilərinə – Dariuş Vitek (9:0) və Laslo Darabosa (8:2) qalib gəlib. O, yarımfinalda finlandiyalı Konsta Maeenpaeyə məğlub olub – 3:4. Kandelaki bürünc medal görüşündə isə rusiyalı UWW təmsilçisi Marat Kamparova yenilib – 2:3. Ən ağır çəkidəki digər milli üzvü Sərxan Məmmədov çexiyalı Artur Sarkisyanla amerikalı Kourtney Frimanı 3:1 hesabı ila üstələyib. O, yarımfinalda iranlı Əliəkbər Yusifəhmədxaliyə uduzub – 1:9. Məmmədov macarıstanlı Koppani Laslonu “tuş”la üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Beləliklə, son yarış günündə Azərbaycan güləşçiləri 1 qızıl və 4 bürünc medal qazanıb. Ümumilikdə isə Zaqrebdə 3 qızıl, 5 gümüş, 8 bürünc olmaqla, 16 medal əldə olunub.