
"Bürünc medal şansım oldu və şadam ki, medalla qayıtdım".
Sportnet.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranadakı U-23 Avropa çempionatında bürünc medal qazanan Azərbaycan sərbəst güləşçisi Rəhman İmanov Heydər Əliyev Beynəlxalq Hava Limanında Teleqraf-a açıqlamasında deyib.
O, turnir haqda fikirlərini bildirib: "Sevinirəm ki, ilk yarışımdan medalsız qayıtmadım. Birinci görüşümdə Dünya Güləş Birliyini təmsil edən rusiyalı U-20 Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Lev Pavlova uduzsam da, rəqibim finala çıxdığı üçün təsəlliverici qarşılaşmalara qatıldım. Nəticədə bürünc medal şansım oldu və şadam ki, medalla qayıtdım. Ən çətin görüşüm ukraynalı Vladislav Abramova qarşı bürünc medal sınağım idi. Gərgin mübarizədən 8:6 hesablı qələbə ilə ayrıldım".
İmanov növbəti hədəfini də açıqlayıb: "Məqsədim dünya çempionluğudur. Bundan ötrü maksimum hazırlıq keçərək qızıl medal əldə etməyə çalışacağam".
Qeyd edək ki, Rəhman İmranov U-23 Avropa çempionatında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb. Dünya çempionatı 20 - 26 oktyabrda Serbiyanın Novi Sad şəhərində keçiriləcək.