
İranla münaqişəsi israilli cüdoçuların Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında iştirakına mane olub.
Sportnet.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, gərginlik səbəbindən beş israilli idmançı yarışı buraxıb, dörd nəfər əvvəldən yarışanlar isə evə qayıda bilməyib.
İsrail hava məkanının bağlanması səbəbindən yarışa yollana bilməyən idmançıların bu həftə tatamiyə çıxması planlaşdırılırdı. Yarışa qatıla bilməmək israilli idmançılar üçün reytinq xallarının itirilməsi və növbəti olimpiya dövründə geridə qalmaları kimi nəticələrə səbəb ola bilər.
Bundan əlavə, yarışda iştirak etmiş dörd israilli cüdoçu hazırda Macarıstanda qalmağa məcbur olub. Onlar da İsrail hava məkanının açılmasını gözləyirlər. Hələlik vətənə qayıtmaq üçün dəqiq tarix məlum deyil.
Mundiala qatılan dörd idmançı medal qazana bilməyib. Onların Budapeştdəki qalma xərclərini Beynəlxalq Cüdo Federasiyası qarşılayır.
Dünya çempionatını buraxan israilli cüdoçular:
- İnbol Şemeş (63 kq) – bazar ertəsi yarışmalı idi
- Adelina Novitski (70 kq) – çərşənbə axşamı
- İnbar Lanir (78 kq) – çərşənbə günü
- Raz Herşko (78 kq-dan yuxarı) – cümə axşamı
- Yosif Simin (100 kq) – çərşənbə günü
Yarışda iştirak edən, lakin geri qayıda bilməyən cüdoçular:
- Gefen Primo (52 kq) – ikinci raundda uduzub
- İlay Hayun (52 kq) – ikinci raundda uduzub
- Timna Nelson Levi (57 kq) – ikinci raundda uduzub
- Qay Gutman (66 kq) – 1/8 finalda məğlub olub
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə iyunun 19-da başa çatacaq.