
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında ikinci günün döyüşləri başa çatıb.
Sportnet.az xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirin 1/4 final mərhələsində təşkilatçı ölkə millisinin daha 4 idmançısı qələbə qazanıb.
Gülər Hüseynova (48 kq) Bibisoro Racabovanı (Tacikistan) məğlub edib – 4:1 (26:30, 26:30, 26:30, 27:30, 29:28). O, yarımfinalda Şahnozabonu İmomaliyeva (Özbəkistan) ilə üz-üzə gələcək.
Qardaş Rəhimov (46 kq) Mikita Beskaravaynidən (Belarus) güclü olub. O, rəqibinə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. Rəhimov finala gedən yolda Damir Nazarovla (Tacikistan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Əli Ruşanov da adını yarımfinala yazdırıb. Milli üzvü Anqsar Ussenxanu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 29:28, 27:30, 29:28, 30:27). Ruşanov növbəti qarşılaşmasında Utkırbek Norkosimovu (Özbəkistan) sınağa çəkəcək.
Ayxan Həsənov (50 kq) isə Dayanç Orayevdən (Türkmənistan) üstün olub - 4:1 (27:30, 29:28, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Behruz Umarovla (Tacikistan) döyüşəcək.
Yarımfinala yüksələn boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, MDB Oyunlarında qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanlarda ertəsi gün olacaq.