
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qız boksçular arasında yarımfinal döyüşləri keçirilib.
Sportnet.az xəbər verirki Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan millisi 6 finalçını və 4 bürünc medalçını müəyyənləşdirib.
46 kq çəki dərəcəsində çıxış edən Aysel Fərəcova yarımfinalda özbəkistanlı Ruxşonabonu Ahadovanı 4:1 (29:28, 30:27, 30:27, 27:30, 29:28) hesabı ilə məğlub edib. O, finalda rusiyalı Viktoriya Klimova ilə qarşılaşacaq.
50 kq-da mübarizə aparan Əminə Tağı Avropa çempionu belaruslu Arina Kmitaya qalib gəlib – 4:1 (30:27, 29:28, 28:29, 30:27, 30:27). Həlledici görüşdə onun rəqibi özbəkistanlı Nazokat Mardonova olacaq.
54 kq çəki dərəcəsində təmsilçimiz Cəmilə Muradlı qazaxıstanlı Adelayda Sadvakassovanı 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə üstələyib. Finalda o, Kumriniso Muhammadova (Özbəkistan) ilə döyüşəcək.
60 kq-da çıxış edən Aynur İsmayılova isə cəmi 1 dəqiqə 24 saniyəyə tacikistanlı Furug Sarhaszodaya tam üstünlüklə qalib gəlib. O, finalda Jasmin Abramianla (Qazaxıstan) qüvvəsini sınayacaq.
48 kq çəki dərəcəsində Gülər Hüseynova özbəkistanlı Şahnozabonu İmomaliyevanı vaxtından əvvəl məğlub edib. Onun finaldakı rəqibi rusiyalı Darya Qavrina olacaq.
63 kq-da mübarizə aparan Fidan Bakarova rusiyalı Zlata Konovalovanı 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə üstələyib. Finalda o, özbəkistanlı Ruşanabonu İsoyeva ilə qarşılaşacaq.
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək final mərhələsində 6 azərbaycanlı boksçu qızıl medal uğrunda mübarizə aparacaq.
Digər təmsilçilərimizdən Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq) və Səma Abbasova (66 kq) isə MDB Oyunlarını bürünc medalla başa vurublar.
Oğlan boksçuların yarımfinal görüşləri isə oktyabrın 3-də keçiriləcək.