Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqəyə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 3 çəki dərəcəsində 4 cüdoçusu tatamiyə çıxıb.
Kişilərin mübarizəsində Turan Bayramov 66 kq çəki dərəcəsində gümüş medala sahib olub. O, ardıcıl olaraq, fransalı Kilian Noel, rusiyalı Abrek Naquçev, almaniyalı Lenni Linus Bark, finlandiyalı Luukas Saha və gürcüstanlı Tornike Giqaurini məğlub etdikdən sonra finala yüksəlib.
Həlledici qarşılaşmada Bayramov qazaxıstanlı Nurkanat Serikbayevə uduzaraq, ikinci yeri tutub.
Bu çəkidəki azərbaycanlı digər cüdoçu Rəşad Yelkiyev ilk görüşündə niderlandlı Yoxem van Harteni yensə də, 1/8 finalda məhz Serikbayevə yenilib və mübarizəni dayandırıb.
Qadınların mübarizəsində Könül Əliyeva (48 kq) ardıcıl olaraq, monqolustanlı Mişel Altanşaqay və Çilidən olan Mari Dee Varqas Leyi üstələsə də, 1/4 finalda türkiyəli Tuqce Bederə, təsəlliverici qarşılaşmada rusiyalı Marina Vorobyovaya uduzaraq, 7-ci yeri tutub.
Leyla Əliyeva (52 kq) isə ilk görüşdəcə israilli Gefen Primoya uduzaraq, Böyük Dəbilqə ilə vidalaşıb.
Qeyd edək ki, Turan Bayramov Böyük Dəbilqə seriyalı turnirlərdə 4-cü, Tbilisi Böyük Dəbilqəsində isə 3-cü medalı qazanıb. O, Gürcüstan paytaxtında 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib olubsa, daha 1 gümüş medalı Özbəkistanın paytaxtı Daşkənddə əldə edib.