Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycanın növbəti beynəlxalq turnirə ev sahibliyi edəcəyi ilə bağlı məqalə dərc olunub.
Sportnet.az xəbər verir ki, "Millennium Team Cadet European Judo Tour" turniri 4-5 apreldə Gəncə İdman Sarayında keçiriləcək.
Turnirdə 11 ölkədən ümumilikdə 286 cüdoçu mübarizə aparacaq. Azərbaycan yığması 100-dən çox idmançı ilə təmsil olunacaq. Digər iştirakçı ölkələr Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ-dır.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkəmizin beynəlxalq arenada artan nüfuzundan danışıb: “Uzun illərdir Azərbaycan nüfuzlu beynəlxalq cüdo turnirlərini uğurla təşkil edir. Bunun nəticəsində ölkəmiz etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Bu ilin oktyabrında keçiriləcək Dünya Cüdo Çempionatı 2026 ilə bir daha beynəlxalq cüdo ictimaiyyətinin diqqəti Azərbaycana yönələcək. Bu baxımdan, Gəncədə yeniyetmələr arasında Avropa Kubokunun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Daha əvvəl Göygöl və Qubada təşkil olunan turnirin bu dəfə Gəncədə keçirilməsi regionlarda cüdonun inkişafına əlavə təkan verir və gənc idmançılarımız üçün yüksək səviyyəli beynəlxalq rəqabət mühitində təcrübə qazanmaq imkanı yaradır. Belə yarışların regionlarda təşkili ölkə üzrə cüdonun geniş inkişafına töhfə verir və gələcək uğurlar üçün möhkəm təməl formalaşdırır”.
Qeyd edək ki, yarışları azarkeşlər JudoTV vasitəsilə canlı izləyə biləcəklər. Turnirdən dərhal sonra – 6 - 8 apreldə Gəncədə beynəlxalq təlim-məşq toplanışı da təşkil olunacaq.














































































